“Səbail” Premyer Liqanın II turunda “Neftçi” ilə heç-heçəyə razılaşıb – 1:1.
“Dənizçilər”in futbolçusu Rüfət Abdullazadə “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:
“Maraqlı oyun keçdi. Hər iki komanda qələbə qazana bilərdi. Məncə, oyunun ədalətli nəticəsi bərabərlik idi”.
Abdullazadə görüşə “Səbail” formasıyla ilk dəfə kapitan kimi meydana çıxıb. Cinah yarımmüdafiəçisi liderlik sarğısını daşımağın məsuliyyətini başa düşdüyünü söylədi:
“Daha əvvəl Azərbaycanın U-21 yığmasında kapitanlıq etmişəm. Bu, ilk təcrübəm deyil, amma məsuliyyətini başa düşürəm. Komanda üçün kapitan xüsusi faktordur. Baş məşqçimiz Şahin Diniyevin qərarı ilə kapitanlıq sarğısını taxdım. Buna baxmayaraq, bizim üçün kimin kapitan olması önəmli deyil, hər birimiz bütün gücümüzlə oyunumuzu ortaya qoymaq istəyirik. Hamımız matça eyni hazırlaşırıq”.
Rüfət növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri səfər matçından gözləntilərini bölüşdü:
“Öz oyunumuzu oynamağa çalışacağıq. Hədəfimiz qələbə qazanmaqdır. Məşqçilərin tapşırıqlarını icra edib, oyuna köklənəcəyik. Məqsədimiz Premyer Liqada maraqlı futbol oynamaqdır. Autsayder yox, iddialı komanda olmaq istəyirik”.
Şahin Cəfərov