Aslan Kərimov: “Qarabağ” üçün itirəcək bir şey yoxdur”

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” (FCSB) komandası ilə üz-üzə gələcək.

Bu qarşılaşma yanvarın 23-ü, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan millisinin sabiq müdafiəçisi Aslan Kərimov “FutbolPress”ə açıqlama verərək, tərəflərin şanslarını dəyərləndirdi:

“Hər iki komanda bu matça itkilərlə çıxacaq. Bu səbəbdən hər iki tərəfin şansları bərabərləşir. Rəqibin xalları “Qarabağ”a nisbətən daha çoxdur. Onlar ilk “8-liy”ə düşə bilmək üçün Bakıdan 3 xalla dönməyə çalışacaqlar. “Qarabağ” üçün isə onsuz da itirəcək bir şey yoxdur. Qarşıdakı 2 oyunda qələbə qazanmalıdırlar ki, bəlkə nəzəri baxımdan heç olmasa şansları olsun”.

Təcrübəli mütəxəssis oyunun texniki tərəfinə də toxundu:

“Oyunun texniki tərəfinə gəlincə, hesab edirəm ki, rumıniyalılar açıq oyun nümayiş etdirməyəcək. Onların yaxşı müdafiə olunduğunu və tez zamanda əks-hücuma çıxdıqlarını da unutmaq olmaz. “Qarabağ”a gəldikdə, onsuz da başqa stildə oynamırlar. Önəmli olan hücumla müdafiədə balansı qoruyub saxlamaqdır. Xüsusən də top itkiləri zamanı rəqibin sürətli əks-hücumunun qarşısını almaq lazım olacaq. Buna görə də ön xətdə olan oyunçuların pressinqlərinə ehtiyac olacaq. Olavio Juninyonun gedişindən sonra hücum xəttindəki kimin oynayacağı və müdafiədə Kevin Medinanın yanında kimin duracağı da hazırda önəmli məqamlardan biridir. Düşünürəm ki, Qurban Qurbanov starta Nəriman Axundzadəylə başlayacaq. Çünki gəncdir və top itkiləri zamanı rəqibə təzyiq yaradacaq. Amma başqa rotasiyalar da görmək mümkündür. Ümumi şansları qiymətləndirdikdə isə hesab edirəm ki, “Styaua”ya məğlub olmayacayıq. Ağır komanda olsalar belə bir həlli yolun tapmaq mümkündür. Minimum 1 xal qazana bilərik”.

O, “atlılar”ın əsas heyət oyunçularından olan Yassin Benzianın hazırki durumu barədə də fikirlərini bölüşdü:

“Benzianın da oynayıb-oynamayacağı sual doğurur. Anasının vəfatı hər bir insana təsir edir. Amma Benzia da peşəkar futbolçudur. Ümid edirəm ki, bu vəziyyətdən çıxıb meydanda iştirak edə biləcək. Çıxmasa belə bu başadüşüləndir”.

Mirkamal Kazım