Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:
– Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma bu gün komandamız istədiklərimizi həyata keçirə bilmir. Müəyyən vaxt lazımdır. O vaxtı qazana bilsək… Rəhbərliklə danışmışıq, bəzi transferlərə ehtiyacımız var. Rəhbərlik də bunu istəyir.
– Nə qədər vaxta ehtiyac var? Ayyarım bəs etmədi?
– Vaxta ehtiyacımız var. Hazırlaşırıq, bu komanda gələcəkdə gücünü göstərəcək. Buna inanıram.
– Komanda qol vura bilmir…
– Mərkəzdə etdiyimiz səhvlərdən qol buraxdıq. Biz daha çox səhv etdik və qollar buraxdıq. Rəqib müdafiəsini sıxıb, onları səhvə məcbur edə bilmirsənsə, problemdir. Bunları biz də görürük və çalışırıq.
– Dediyiniz zamanı görə biləcəksiniz? Yəni, qalacaqsınız, ya gedəcəksiniz?
– Bilirsiz, qaçmaq asan şeydir. Allaha şükür, heç kimin qabağından qaçmamışıq və bundan sonra da qaçmayacağıq. Komandanı da düzəldəcəyik və oynayacağıq. Asan şey qaçmaqdır və bu, qorxaqlıqdır. Bu gün qorxaq futbol oynamırıq. Geri düşsək də, irəli atılırıq.
– Transferlər üçün pul var?
– Rəhbərlik çıxış yolu axtarır. İnanıram ki, yaxşı olacaq.
– Bildiyimiz qədərilə çempionat başlamazdən əvvəl sizə təkliflər olub. Bu gün ora getmədiyiniz üçün təəssüflənmirsiniz?
– Xeyr. “Kəpəz” tarixi klubdur və böyük uğurları olub. Enişlər də futbolun bir parçasıdır.
– Transferlər olmalıdır deyirsiniz, belə çıxır ki, rəhbərlik yayda “yatmışdı”?
– Xeyr. Boşluqları görmək üçün bu şeyləri yaşamalıydıq və bilməliydik ki, harda çatışmazlıqlar var.
Şahin Cəfərov