“Zirə”yə 1:4 hesabıyla uduzan”Səbail” “Neftçi”dən xal qopardı – 1:1.
Futbolun naturasına uyğun vəziyyətdir. Ancaq uyğun görünməyən bir məsələ var – Roman Qriqorçuk da “Neftçi”nin dərdinə dərman qıla bilmir, yaxud qıla bilənə bənzəmir…
Yenidən, yenə də o sual aktuallığını bərpa etdi: “Neftçi”ni necə iddialı vəziyyətə qaytarmaq olar?
Hm?
Bu qədər dəyişikliklər, cəhdlər, yaxşılaşdırılan imkanlar… Nə mane olur?
“Neftçi” ötən mövsüm avrokuboka düşməməyi necə bacarmışdısa, cari mövsüm də eyni “performans” ilə start verib…
Cenk Sümer oldu da yeni rəhbər?
Açığı, sualın naqolaylığına görə bəndənizdən çox, klub təqsirkar görülsə, daha məntiqli olar. Bu klubun idarəetməsi elə bir hala salınıb ki, nə strukturu əməlli-başlı məlumdur, nə də dəyişikliklərin məntiqi.
İki tur ardıcıl xal itkisi “Neftçi” üçün narahat olmağa əsas verir deyə, qabardılmalıdır. Açığı, Cenk bəy rəhbəridir, ancaq deyəsən, tam da o deyil. Təkrar üzrlü sayın, bilmirik nə nədir. Yaxşı olardı ki, əcnəbi “xalqın komandası”na rəhbər təyin olunmasından sonra öz planları, ideyaları barədə ictimaiyyəti məlumatlandırardı. Lakin Qriqorçuk məşqləri tam qapalı (OK, olsun) edir, idarəçilikdə dəyişiklik və yeniliklər qapalı…
Güman ki, ilk iki turda xal itkisiylə başlamaq yeni aqressiv dalğa yaradacaq, azarkeşlərin könlünü almaq niyyətilə addımlar atan klubun istəklərinə əngəl yaradacaq. Lakin hər bir işin bir yolu olduğu kimi,bu vəziyyətdə də yol və ya yolların tapılacağına güman verən vəziyyət görünmür sanki.
Kamil Əhməd