Arif Əsədov: “Qəbələ”nin Premyer Liqada qalması daha yaxşı olar”

Azərbaycan Premyer Liqası sona yaxınlaşdıqca, avrokubok uğrunda mübarizə daha da gərginləşir. Hazırda 4 komandanın – “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq şansı var. Lakin sona 3 tur qalmış hansı komandanın neçənci yer tutacağını demək çətindir.

Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FutbolPress”ə açıqlamasında komandaların şanslarını dəyərləndirdi:

“Bir neçə tur öncədən çempionluğu təmin etmiş “Qarabağ”ı siyahıdan çıxarsaq, əsas mübarizə avrokuboklar uğrunda gedir. Düşünürəm ki, “Sumqayıt”, “Sabah”, “Zirə” və “Neftçi” son tura qədər avrokuboklar uğrunda mübarizəni davam etdirəcəklər. Lakin “Neftçi”nin son oyunlardakı uğursuz çıxışı onların bu yolu uğurla gedəcəyinə dair suallar doğurur. “Ağ-qaralar”ın qarşıda çətin oyunları var. Amma bununla belə yəqin ki, son tura qədər mübarizə gedəcək. Baxın, növbəti tur Bojoviçin komandası “Kəpəz”la qarşılaşacaq. Gəncə təmsilçisi son oyunda itkilərlə üzləşdi. Buna görə “Neftçi” qələbə qazana bilər. Və sonuncu turda “Neftçi” – “Sabah” dueli var ki, burada bilinəcək ki, hansı komanda Avropaya gedir”.

Mütəxəssis “Qəbələ”nin Premyer Liqanı tərk edəcəyinə də münasibət bildirdi:

Çempionatda komanda sayı artırılacaqsa, “Qəbələ”nin Premyer Liqada qalması daha yaxşı olar. İdman prinsipləri pozulsa da, infrastruktur və digər məsələlər baxımından komandanın elitanı tərk etməməsi daha məqsədəuyğundur. Hazırda I Liqada bir çox klub stadion və digər məsələlər baxımından Premyer Liqada oynamağa layiq deyil. Lakin yenə də qərar sonda veriləcək. Subyektiv yanaşmam ondan ibarətdir ki, “Qəbələ”nin Premyer Liqanı tərk etməsini isləmirəm”.

Əsədov I Liqadan Premyer Liqaya yüksəlməyə layiq komandaların adını çəkdi:

“İmişli” infrasturuktur baxımından Premyer Liqada çıxış edə bilər. Turnir cədvəlindəki vəziyyəti nəzərə almasaq, “Zaqatala” da elitaya yüksəlməyə layiq komandadır. İdman prinsipləri baxımından ən layiqli komanda isə “Qaradağ Lökbatan”dır. Artıq çempionluğa çox yaxındılar. Onların da hansı variantla Premyer Liqaya yüksələcəyini müzakirə etmək olar. Bildiyiniz kimi, mətbuatda klubun Ağsuya köçürüləcəyi ilə bağlı iddiala var. Adını çəkdiyim klubların Premyer Liqada çıxış etməyi daha uyğundur. Düzdür, onların da vəziyyəti ideal deyil, amma əsas işi təmin etdikdən sonra bu problemlər həll oluna bilər”.

Məlik Məlikov