Premyer Liqada mövsümə uğursuz start verən “Neftçi”də işlər qaydasında getmir. Hələ bir neçə gün əvvəl baş məşqçi Roman Qriqorçuk “fasilədən sonra yaxşı olacaq” deyə, verdiyi sözü tuta bilmədiyi üçün media qarşısında üzr istəmişdi. Çünki “Zirə” səfərindən əliboş qayıtdılar… (0:2).
İndi daha bir məsələ önə çıxıb. Milli komandaların oyunlarından öncə təmirə bağlanan (ot örtüyü syeniləcək, oturacaqlar “ağ-qara” rəngə boyanacaqdı) “Neftçi Arena”da işlərin VII turun “Qarabağ”la oyununa qədər yekunlaşacağı bildirildi, amma bu da alınmadı. Klub açıqlama yayaraq, oyunun məkanının dəyişdiyini və matçın “Qarabağ”ın stadionunda – “Azersun Arena”da keçiriləcəyini qeyd etdi.
İşlərin hansı səbəbdən tamamlana bilmədiyi maraqlıdır. Açığı, həm bu işlə məşğul olan şirkət, həm də “Neftçi” tərəfi arqument gətirə bilər. Hər bir halda, əvvəlcədən deyilən sözlərin, verilən vədlərin yerinə yetirilməməsi mənfi məqamdır.
Onsuz da komandanın işləri yolunda getmir, nəticələr qənaətbəxş deyil – 6 oyuna 0 qələbə və bunlar fonunda arenanın dəyişilməsi də yaxşı olmadı. Bəlkə də, mümkün böyük hesablı məğlubiyyətin doğma arenada deyil, səfərdə olması daha üstün tutuldu. Bəlkə də, “Neftçi” müsbət nəticə qazana biləcək, futboldur və hər şey mümkündür. Buna baxmayaraq, komandaların hazırkı durumuna nəzərən “Neftçi” üçün ürəkaçan vəziyyət yoxdur. Sözlər tutulmur, stadion dəyişir, komanda turnir cədvəlinin “zirzəmi”sində möhkəmlənir və s. Sonu necə olacaq, o da müəmmalı…
Şahin Cəfərov