Aqşin Mürsəlov: “Premyer Liqaya hazır komanda qurmaq istəyirik”

Azərbaycan I Liqasında mövsüm başa çatdı. Çempionluğa iddialı “İmişli” sonda 4-cü olaraq mükafatçılar sırasından kənarda qaldı.

Bölgə klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov “FutbolPress”ə açıqlamasında komandada son oyunlarda ruh düşkünlüyü olduğunu qeyd etdi:

“Mövsümün əvvəlindən heyəti formalaşdıra bilməmişdik. Heyətimizə cəlb etməyi planlaşdırdığımız oyunçular daha çox digər klublarla müqavilə imzalamışdı. Bu hal ilk dövrədə bizə çətinlik yaratdı. İkinci dövrədə komandanı formalaşdırmağa çalışdıq. Müəyyən transferlər etdik. Bütün bunlara baxmayaraq komandada müəyyən qədər yorğunluq hiss olunurdu. Düşünürəm qırılma nöqtəsi “Karvan”la oyunda oldu. Bu məğlubiyyətdən sonra ruh düşkünlüyü oldu və futbolçuları toparlaya bilmədik. “Qaradağ Lökbatan”la oyunda isə sayılmayan qolumuz oyunçuları tamamən həvəsdən saldı. Lakin bu futboldur, belə hallar ola bilər. Son oyunlarda fiziki və psixoloji yorğunluq bizə təsir etdi. Əslində biz də belə olacağını gözləmirdik. Növbəti mövsüm üçün hazırlaşacağıq”.

Klub rəsmisi baş məşqçi ilə bağlı yekun qərarın verilmədiyini bildirdi:

“Baş məşqçi ilə bağlı məsələyə İdarə Heyətinin iclasından sonra qərar veriləcək. Hazırda heç bir qərar yoxdur. Bizim iddiamız çempionluq idi və Əsgər Abdullayevi də buna görə komandaya dəvət etmişdik, alınmadı. Bu iddianı səsləndirənlər də çempion olmamağımıza görə yolların ayrılacağını qeyd edir. Lakin qərar verilməyib. İclasda həmçinin növbəti mövsümün planları da təsdiq olunacaq”.

Mürsəlov infrastrukturu daha da yaxşılaşdıracaqlarını dedi:

“Biz gözləyirdik ki, Premyer Liqada 12 komanda çıxış edəcək. Bu, bizə motivasiya idi. Sonradan bir komandanın iştirak edəcəyi qərara alındı və bu bizə çətinlik yaratdı. Hazırda əsas infrastrukturun yaxşılaşdırılmasını planlayırıq. Bunun paralelində də güclü heyət formalaşdırmaq istəyirik. Komandanın sponsoru infrastrukturla bağlı xeyli xərclər çəkib, lakin ot örtüyü ilə bağlı məsələni bu il həll edəcəyik. Premyer Liqaya hazır komanda qurmaq istəyirik. İstəyirik ki, Premyer Liqaya çıxanda problemlər olmasın. İki stadionumuz var. Hər ikisi də müəyyən dəyişiklikdən sonra tələblərə cavab verir. Ot örtüyünün dəyişilməsi ilə bağlı müraciət etmişdik və bu işdə AFFA bizə kömək olacaq. Bu yaxınlarda “AQRO Sport” şirkəti stadiona baxış keçirdi, bizə təklifləri verəcəklər. AFFA-nın köməyi olmasa, bu işləri başa çatdırmaq çətindir”.

Müsahibim heyəti gəncləşdirmək fikrində olduqlarını dedi:

“Yaxşı komandamız var. Bu heyətin üzərində dəyişiklik etmək istəyirik. Heyəti gəncləşdirməyi düşünürük. Eyni zamanda da təcrübəli futbolçular heyətimizdə qalacaq. Normal komanda quracağıq. Məşqçi ilə bağlı yekun qərar verilsin, ondan sonra digər məsələləri də yoluna qoyacağıq”.

Məlik Məlikov