Azərbaycan Premyer Liqasında XXIII tur geridə qaldı.
Lider “Qarabağ” mərkəzi oyunda “Neftçi”yə qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə kritik qələbə qazandı. “Səbail” – “Sabah” və “Kəpəz” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib.
Turun nəticələrindən sonra lider “Qarabağ” ikinci pillədəki “Araz-Naxçıvan”la xal fərqini 12-yə yüksəldib. Üçüncü pillədəki “Zirə” isə naxçıvanlılara bir az da yaxınlaşdı. Komandalar arasındakı fərq artıq 2-dir.
“Turan Tovuz” bu turda avrokuboklar yolundakı rəqiblərindən “Araz-Naxçıvan”a qalib gəlməklə şanslarını artırdı və “Zirə”yə yaxınlaşdı. Bu komandalar arasındakı fərq isə artıq 3-dür.
Elitada qalmaq uğrunda mübarizə aparan 4 komanda – “Sumqayıt”, “Şamaxı”, “Kəpəz” və “Səbail” turu bir xalla başa vurdu. Komandaların sırasında dəyişiklik olmadı.
Bu tur məğlubiyyət yaşayan “Neftçi” isə yerində – 6-cı sırada qaldı. 5-ci pillədəki “Sabah”dan 8 xal geri qalan “ağ-qaralar” son turlardakı oyunu ilə yüksəlişdədir. “Qarabağ”a penaltidən buraxılan qolla uduzan paytaxt təmsilçisi mövsümün qalan hissəsi üçün ümid verir. Gedişat belə davam etsə, komanda avrokuboklar yarışına qatıla bilər.
Şahin Cəfərov