APL: kritik tura doğru – Masazırda “avrokubok döyüşü”

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək. Çempionluğunu rəsmiləşdirən “Qarabağ” elitada iddiası qalmayan “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Sabah üç oyun eyni vaxtda keçiriləcək. “Zirə” “Kəpəz”in, “Sumqayıt” “Sabah”ın, “Neftçi” isə “Səbail”in qonağı olacaq. Tura “Qəbələ” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq.

Qarabağ – Turan Tovuz
Əvvəlki oyunlar: 3:0, 2:2, 3:1

“Qarabağ” bir neçə tur öncə çempionluğunu rəsmiləşdirib. “Atlılar” formal xarakter daşıyan oyunlarda motivasiyasız görünür. Buna səbəb isə hədəfə çatılması, mövsümün sonu olduğu üçün futbolçuların artıq istirahət haqda düşünməsidir. Komanda ağır mövsüm keçirdi və kifayət qədər uğurlu olmağı bacardı. “Qarabağ”ın növbəti ən ciddi sınağı Azərbaycan Kubokunda “Zirə”yə qarşı olacaq. Baş məşqçi Qurban Qurbanov final matçından öncə heyətlə bağlı bəzi dəyişiklikləri sınaqdan keçirir və kuboka tam hazır olmaq vacibdir. APL oyunları çempion üçün bu cəhətdən önəm daşıya bilər.

“Turan Tovuz” isə ötən tur “Araz-Naxçıvan”ı məğlub etməklə təzyiqi üzərindən ata bildi. Sona iki tur qalıb və çempionatda iddiası olan tovuzlular liderə qarşı yaxşı oyun göstərmək arzusundadır. Mövsümün son oyunları baş məşqçilər üçün də önəm daşıyır. Yeni mövsüm haqda düşünməyə başlayan mütəxəssislər heyətlə bağlı dəyişikliklər üçün oyunçuları “ələkdən” keçirəcək. Tovuz klubunda legionerlər bağlı fikir ayrılıqları var və yayda bir neçəsi göndərilə bilər.

Kəpəz – Zirə
Əvvəlki oyunlar: 0:1, 0:0, 1:2

Ötən tur “Neftçi”yə böyük hesabla məğlub olan “Kəpəz” nəticəni unutdurmaq arzusundadır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə”nin büdrədilməsi gəncəlilər üçün xoş atmosfer yarada bilər. Hər bir halda, komanda bumövsümkü əsas hədəfi – elitada qalmağı təmin edib. Baş məşqçi Adil Şükürovun gəlişindən sonra şən futbol sərgiləyən “Kəpəz” bu mövsüm “Zirə”dən bir xal qopara bilib. İki oyunda isə məğlub olan gəncəlilər “qartallar”la dueldə sona iki tur qalmış ilki yaşamaq istəyir.

“Zirə” turnir cədvəlində 4-cü pillədədir və ikinci “Sumqayıt”dan 2, üçüncü “Neftçi”dən isə bir xal geri qalır. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin xal itirmə seçimi yoxdur. Mütləq qələbə hədəfində olan “qartallar” məğlubiyyətlə avrokubok zonasından ayrı düşə bilər. Azərbaycan Kubokunun finalında “Qarabağ”la qarşılaşacaq komandanın buradan da avrokuboklara yollanmaq şansı var, ancaq çempionun məğlub edilməsi asan görünmür. Bu baxımdan çempionat “Zirə” üçün mühümdür və “Sabah” ilə “Sumqayıt”ın bir-biri ilə üz-üzə gələcəyi turda qələbə yaxşı imkanlar yarada bilər.

Sabah – Sumqayıt
Əvvəlki oyunlar: 3:1, 0:1, 2:1

Premyer Liqada sona iki tur qalmış mövsümün ən kritik oyunlarından biri Masazırda baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” və “Sumqayıt” burada üz-üzə gələcək. “Sabah” yarışda qalmaq və şanslarını son tura qədər davam etdirmək istəyirsə, mütləq qələbə qazanmalıdır. Turnir cədvəlində ikinci olan və “futuristlər”i iki xal qabaqlayan “kimyaçılar” üçün heç-heçə də pis nəticə olmayacaq. Qələbə və “Zirə”nin xal itirməsi “Sumqayıt”ın “üçlük”dəki yerini təmin edə bilər.

“Sabah” ardıcıl dörd qələbədən sonra ötən tur “Qəbələ”yə məğlub olmaqla, fanatlarını məyus etdi. Baş məşqçi Krunoslav Renduliç qarşısına qoyulan əsas hədəf ikincilikdir və bu yolda “Sumqayıt”ı və sonuncu turda “Neftçi”ni məğlub etmək mütləqdir. Komanda eyni zamanda “Zirə”nin də xal itirməsini özləməli olacaq.

“Sumqayıt” isə uğurlu çıxışını davam etdirməyi hədəfləyir. Samir Abasovun komandası 7 oyundur, məğlub olmur. “Gənclik şəhəri” təmsilçisi “Sabah” səfərində qələbə qazanmasa belə, şansları son tura qədər davam edəcək. Bu, “kimyaçılar”ın daha az təzyiq altında olmasına səbəbdir.

Səbail – Neftçi
Əvvəlki oyunlar: 1:1, 2:4, 0:3

“Səbail”in elitada iddiası qalmayıb. Komanda ən pis halda, 7-ci, ən yaxşı halda mövsümü 6-cı bitirəcək. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv ardıcıl üç oyunda məğlub olub. Komanda və baş məşqçi Diniyevlə bağlı narazılıqlar var. Mütəxəssis yeni mövsümdə işində qalmaqçün son iki turu da yaxşı nəticə ilə başa vurmalıdır.

“Neftçi” isə mütləq qələbə hədəfləyir. Avrokuboklar yolundakı əsas rəqibləri – “Sabah” və “Sumqayıt”ın bu turda bir-biriləri ilə qarşılaşmaları “ağ-qaralar” üçün fürsətdir. Baş məşqçi Miodraq Bojoviç qarşısına qoyulan iki hədəfdən birinə çata bilmədi – kubok əldən gedib. Digər məqsəd ikincilikdir və “ağ-qaralar” iki qələbə sayəsində buna çata bilər. Lakin həm də rəqiblərin xal itirməsini gözləyəcək. “Neftçi” bu turu itki ilə başa vursa, “üçlük”dən kənarda qala bilər.

Qəbələ – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 0:2, 1:4, 1:1

Elitanı tərk edəcəyi dəqiqləşən “Qəbələ” mövsümün son ev oyununu keçirəcək. Bu futbol ilində azarkeşlərini kifayət qədər məyus edən “qırmızı-qaralar” fanatlarla sonuncu ev görüşündə qələbə arzulayır. Son iki turda üç xal qazanan kollektiv seriyasını davam etdirmək niyyətindədir. Baş məşqçi Kaxaber Sxadadzenin də taleyi sual altındadır. Mütəxəssis Qəbələdəki son matçını qazanmaq, yerli azarkeşləri sevindirmək arzusundadır. Son turdakı “Sumqayıt” səfəri isə onun sonuncu oyunu ola bilər.

“Araz-Naxçıvan”da baş məşqçi Elmar Baxşıyev sabiq komandasına qarşı olacaq. Mütəxəssis bu ilin fevralında “Qəbələ”dəki vəzifəsindən istefa verib. Komandanın uğursuz nəticələrinə görə məsuliyyəti üzərinə alan Baxşıyev “Araz-Naxçıvan”da da cəmi bir qələbəyə sevinib. Mütəxəssis böyük ehtimalla, yeni mövsümdə də komandanın sükanı arxasında olacaq. Son turları yaxşı nəticə ilə başa vurmaq istəyən Baxşıyev həm də bəzi oyunçuları sınaqdan keçirəcək. Gəlişindən sonra bir neçə dəfə dəyişiklərə əl atan mütəxəssis yeni mövsümün planlamasına da başlayıb.

Qeyd etməli olduğumuz məqamlardan biri də, bu və sonuncu turun oyunlarında VAR-da əcnəbi hakimlərin olmasıdır. Premyer Liqada mövsümboyu VAR-ın qərarlarına narazılıq olub və AFFA əcnəbilərə üz tutaraq, narazılıqları aradan qalmağın, şəffaf oyunlar keçməsinin tərəfdarıdır.

Şahin Cəfərov