APL klublarının avrokuboklara hazırlığı – transfer çalışmaları davam edir

Azərbaycan Premyer Liqası klubları yeni mövsüm üçün hazırlıqlara başlamaq ərəfəsindədir.

Artıq avrokuboklarda iştirak edəcək “Qarabağ”, “Zirə”, “Sabah”ın hazırlıq planı bəllidir. Konfrans Liqasında mübarizə aparacaq “Sumqayıt” da yaxın günlərdə planını açıqlayacaq.

Çempionlar Liqasında iştirak edəcək “Qarabağ” bir müddətdir, transfer çalışmalarına start verib.”Atlılar” buna qədər Adama Diakabi, Andrey Lunyovla yollarını ayırıb, Rüstəm Əhmədzadə və İsmayıl İbrahimlini “Zirə”yə icarə verib. Karyerasını bitirən kapitan Maksim Medvedev də yeni mövsümdən səhnədə olmayacaq.

“Qarabağ” gedənlərin əvəzinə qapıçı Fabian Buntiçi (“Vizela”, Portuqaliya) və “Yurqorden”dən sabiq hücumçusu Musa Qurbanlını transfer edib. Son çempion daha bir neçə oyunçu ilə danışıqlar aparır, iyulun ortasına kimi transferləri yekunlaşdırmaq istəyir.

“Zirə” transfer dönəminin ən aktiv komandalarındandır. “Qartallar” buna qədər Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə), İsmayıl İbrahimli (“Qarabağ”, icarə), Davit Volkov (“Sabah”), Martins Junioru (“Kəpəz”) sıralarına qatıb. Hücumçu Vladislav Kulaç, yarımmüdafiəçilər İlkin Muradov, Sezar Meza Kolli, Rəhim Sadıxov və müdafiəçi Dmitri Çantakias isə gedənlərdəndir. “Zirə” yarımmüdafiə xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir və bu mövqeyə legioner axtarışındadır.

“Sabah” və “Sumqayıt” isə transferdə passiv görünür. “Sabah” iki oyunçusu – Volkov və Kristian Sebalyosla yollarını ayırıb, hələ transfer etməyib. “Sumqayıt” isə Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka ilə yola davam etməyib. “Kimyaçılar” “Zirə”dən ayrılan sabiq oyunçusu Rəhim Sadıxovla anlaşıb, sadəcə rəsmi açıqlama hələ verilməyib.

“Qarabağ” Çempionlar Liqasında, “Zirə” Avropa Liqasında, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında yarışacaq. Azərbaycanı beynəlxalq arenada təmsil edəcək komandalar ilk oyunlarına gələn ayın sonunda çıxacaq. Hazırlıq üçün bir ay vaxt var və komandalar transfer çalışmalarını erkən bitirib, avrokuboklara əsas heyətlə hazır olmağı planlaşdırır.

Kamil Əhməd