APL: gümüş medallar və vəsiqələr son tura qaldı

Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub. Çempion “Qarabağ” “Turan Tovuz”u, autsayder “Qəbələ” isə “Araz-Naxçıvan”ı məğlub edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”, “Neftçi” və “Zirə” turu qələbə ilə başa vurub.

Qarabağ – Turan Tovuz 4:3

Çempion mövsümün sonuncu ev oyununda çətin olsa da, qələbə qazana bildi. “Turan Tovuz”la oyunda ilk hissəni öndə tamamlayan “atlılar” fasilədən sonra geri düşsə də, sonda üç xalı əldə edən tərəf oldu.

“Turan Tovuz” ardıcıl xal itkilərindən sonra 34-cü turda “Araz-Naxçıvan”ı məğlub etməklə təzyiqi azalda bilmişdi. Tovuz təmsilçisi çempionla oyunda da yaxşı mübarizə aparmasına baxmayaraq, son dəqiqə qoluna üzüldü. Ayxan Abbasovun komandası xüsusilə, standart vəziyyətlərdə effektivliyi ilə seçildi.

Sabah – Sumqayıt 2:0

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki kollektivin dueli maraqla gözlənilirdi. “Sabah” oyuna daha aqressiv başlayıb, üstün tərəf olmağa çalışırdı. “Sumqayıt” üçün heç-heçə də pis nəticə sayılmaya bilərdi. Azından bir rəqibi özündən aralı saxlaya biləcəkdi. Buna baxmayaraq, mütləq qələbə hədəfi olan “Sabah” real qol imkanları yaratmadan qələbə qazana bildi. “Sumqayıt”ın müdafiəsindəki fərdi səhvlər komandaya baha başa gəldi.

“Kimyaçılar” növbəti turda evində autsayder “Qəbələ”ni qəbul edəcək. Samir Abasovun komandası qələbə qazansa belə, digər rəqiblərin xal itirməsini gözləyəcək. Buna baxmayaraq, “Gənclik şəhəri” təmsilçisi minimum imkanlarla yuxarı qalxmağı bacarıb. Komanda avrokuboklara vəsiqə qazana bilməsə belə, uğursuzluq hesab edilməyəcək.

Səbail – Neftçi 0:3

“Səbail” ardıcıl dördüncü oyunu məğlubiyyətlə başa vurdu. “Neftçi”yə diş keçirə bilməyən “dənizçilər”in çempionatda iddiası qalmayıb. Yeddinci sırada qərarlaşan Şahin Diniyevin komandası son turda “Zirə” ilə qarşılaşacaq və gümüş medal mübarizəsində olan rəqibini büdrətməyə çalışacaq.

“Neftçi” isə mövsümün ən kritik qələbələrindən birini qazandı. “Ağ-qaralar” bu turda xal itirəcəyi halda, avrokuboklar zonası təhlükədə olacaqdı. Turnir cədvəlində ikinci sırada qərarlaşan Miodraq Bojoviçin komandası növbəti turda qələbə qazanacağı halda, gümüş medalların sahibi olacaq. Rusiyalı mütəxəssisin qarşısına qoyulan hədəf budur və alınmazsa, yayda klubu tərk etmək ehtimalı daha güclənəcək.

Kəpəz – Zirə 0:1

“Kəpəz” elitada iddiası qalmayan kollektivlərdəndir. Buna baxmayaraq, gəncəlilər əvvəlki turlarda yuxarı pillələrdə yer alan komandalardan xal almağı bacarmışdı. Tovuzda baş tutan oyunda nominal meydan sahiblərinin demək olar, qol şansı olmadı. Buna baxmayaraq, komanda yarımmüdafiədə əzmkarlığı ilə seçilə bildi. Adil Şükürov baş məşqçi postuna gəlişindən sonra oyun planında artıran gəncəlilər yeni mövsüm üçün fanatlarını ümidləndirə bildi.

“Zirə” isə çətin qələbə qazandı. “Qartallar” oyunboyu üstün tərəf olsa da, rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdi. Rəşad Sadıqovun komandası ümumiyyətlə, qapanan rəqiblərə qarşı oynamaqda problemlər yaşanır. İkinci hissədə əlinə düşən ilk qol şansını dəyərləndirən “Zirə” sonda üç xal qazandı və avrokuboklara vəsiqə özlərindən asılıdır.

Qəbələ – Araz-Naxçıvan 2:0

Autsayder ardıcıl üçüncü qələbəsini qazandı. “Qəbələ” elitanı tərk edəcəyi dəqiqləşəndən sonra bir növ ehtiyac olmayan qələbələr əldə edir. Son turlarda qazanılan 9 xal komandanın mövqeyini dəyişməyəcək. Kaxaber Sxadadzenin da yeni mövsümdə komandada qalması sual altındadır.

“Araz-Naxçıvan”ın enişi isə davam edir. Maraq üçün qeyd edək ki, fevralda “Qəbələ”dən istefaya göndərilən Elmar Baxşıyev sabiq komandasında olduğu kimi bu dəfə də Qəbələni məyus tərk etdi. “Araz-Naxçıvan”a gəlişindən sonra cəmi bir qələbə qazanan mütəxəssis yeni mövsümün planlarını qurur. Heyətdəki bir neçə legionerin göndərilməsi artıq gündəmdədir. Yenilənmiş formada mövsümə hazırlaşacaq “Araz-Naxçıvan”da son oyunlar hər oyunçu üçün siqnal olmalıdır. Yeni baş məşqçi istədiyi heyəti qurmağa çalışacaq və bu fonda gedənlərin sayı daha çox olacaq.

Premyer Liqada avrokuboka vəsiqənin sahibləri son turda bəlli olacaq. “Sabah” və “Neftçi” bu turda üz-üzə gələcək. Qalib avrokuboklara yollanacaq. “Zirə”yə minimum üçüncü yer üçün qələbə lazımdır. Hər şey komandanın öz əlindədir. “Sumqayıt” isə qələbə qazansa belə rəqiblərin xal itirməsini gözləyəcək.

Şahin Cəfərov