Azərbaycan Premyer Liqasında bu gün XVI tura yekun vurulacaq. Son matçda “Turan Tovuz” “Şamaxı” ilə üz-üzə gələcək.
Bu turun oyunlarından sonra çempionatda lider dəyişib. Mövsümün sürpriz komandası “Araz-Naxçıvan” Bayıld “Səbail”i məğlub etməklə liderliyə yüksəlib. Elmar Baxşıyevin yetirmələri “Qarabağ”ın “Sabah”la matçda (1:1) xal itirməsi ilə “atlılar”ı bir xal qabaqlayıb.
“Araz-Naxçıvan” intizamlı oyunu ilə seçilən kollektivdir. Baxşıyevin komandası müdafiədə nə qədər diqqətlidirsə, hücumda bir o qədər effektiv çıxış edir. Komandanın hücumçusu Felipe Santosun 8 qolla bombardir olması da təsadüfi deyil. Eyni zamanda qapıdakı performansı ilə diqqət çəkən Kristian Avramın da əməkləri danılmazdır.
“Qarabağ”ın ehtiyatda bir oyunu var və bu matç “Şamaxı”ya qarşı olacaq. Mümkün qələbə komandanı yenidən zirvəyə qaldıra bilər, ancaq bu matça qədər xal itirməmək və rəqibi gözləmək şərtdir.
“Araz-Naxçıvan” üçüncü pillədəki “Turan Tovuz”u isə 12 xal qabaqlayır. Tovuz təmsilçisinin bu gün xal itirməsi naxçıvanlıların avrokubok şanslarını daha artıracaq.