APL-də tur həyəcanı: Suraxanıda başlayıb, Masazırda bitəcək

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Açılış oyununda son çempion “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Ötən tur “Sabah”la heç-heçə “Şamaxı”nın budəfəki rəqibi “Araz-Naxçıvan” olacaq. “Neftçi” “Səbail”, “Sumqayıt” isə “Turan Tovuz”la üz-üzə gələcək. Turun mərkəzi görüşündə “Sabah” azarkeşləri önündə “Zirə” ilə üz-üzə gələcək.

9 avqust / 20:00 Qarabağ – Kəpəz

Son çempion Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets” məğlub olub. Bakıda rəqibi ilə oyunda çox güc sərf edən “atlılar”ın “Kəpəz”lə görüşdə ehtiyyat qüvvəyə güvənəcəyi gözlənilir. Buna baxmayaraq, “Qarabağ”ın ikinci heyəti belə tək “Kəpəz” deyil, Premyer Liqadakı bir neçə klubdan daha üstündür.

“Kəpəz”i isə ağır mövsüm gözləyir. İlk turda “Sumqayıt”la matçda pis təsir bağışlayan, planlaşdırılmış hücum qurmaqda çətinlik çəkən gəncəlilər “Qarabağ” qarşısında ən yaxşı halda, böyük hesablı məğlubiyyətdən qaçmağın yollarını tapmalıdır.

10 avqust / 18:45 Araz-Naxçıvan – Şamaxı

Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan” birinci turda “Qarabağ”a məğlub olub. 1:4 hesabıyla bitən görüşdə naxçıvanlılar ciddi müqavimət göstərə bilməyib. Heyətdə ciddi dəyişikliklər edən və 13 futbolçu gətirən “Araz-Naxçıvan”da yenilər üçün uyğunlaşmağa vaxt lazımdır. Bu periodu komandanın necə keçirəcəyi sual altındadır. Meydanda ciddi anlaşılmazlıq var. Müdafiədə verilən boşluqlar isə daha çox sıxıntıya səbəb olur. Baxşıyev qısa zamanda əsas heyəti müəyyənləşdirməli və uyğunlaşma prosesinin tez yekunlaşmasını düşünməlidir.

“Şamaxı” isə yenidən elitaya qayıdışında özünü pis tərəfdən göstərmədi. “Sabah”la oyunda 0:2-dən geridönüş edən “şirlər”də yeni komanda formalaşsa da, ciddi uyğunlaşma problemi nəzərə çarpmadı. “Şamaxı” “Araz-Naxçıvan”a qalib gəlsə, sürpriz hesab edilməyəcək.

10 avqust / 21:00 Səbail – Neftçi

Mövsümə uğursuz start verən “Səbail” ilk turda “Zirə”yə məğlub olub. Dörd qol buraxan “dənizçilər”də xüsusilə müdafiədə problemlər var. Hücum xəttinə yeni qoşulan oyunçular da hələ tam uyğunlaşmayıb. Birinci turdan sonra ən zəif təsir bağışlayan komandalar arasında olan “Səbail”in “Neftçi” qarşısında şansları azdır. Hər bir halda, Bayıl təmsilçisinin süni örtüklü meydançada daha rahat oynaması “dənizçilər” üçün üstünlük ola bilər.

“Neftçi” isə ilk turda azarkeşlərini yanıltmağı bacarıb. Roman Qriqorçukun gəlişindən sonra iddiası artan və çempionatda “Qarabağ”a ciddi rəqib olacağı ehtimal edilən “ağ-qaralar” birinci turda gözləniləni qarşılaya bilmədi. Əksinə “Turan Tovuz”la matçda ikinci hissədə daha zəif görünən tərəf oldu. Qriqorçuk və komandasının toparlanması üçün vaxta ehtiyac var. Bu periodu minimum itkilərlə keçirməyi düşünən paytaxt təmsilçisi “Səbail” səfərindən qələbə ilə dönməklə azarkeşlərini sevindirməyə çalışacaq.

11 avqust / 18:45 Turan Tovuz – Sumqayıt

Premyer Liqanın birinci turunun ən yaxşı komandalarından olan “Turan Tovuz” azarkeşləri önündə meydana çıxacaq. Kurban Berdıyevin gəlişindən sonra avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq tovuzlular ilk turdan gücünü müəyyən qədər göstərə bildi. Xüsusilə, əks-hücumlarda ciddi təhlükə yaratmağı bacaran komandanın deyəsən, bu mövsüm əsas silahı bu olacaq. “Sumqayıt” Konfrans Liqası ilə vidalaşdıqdan sonra psixoloji yorğun görünür. Samir Abasov kasad heyətlə “Kəpəz”i rahat məğlub etməyi bacarıb. İndi isə əsas sınaq Tovuz səfərində olacaq. “Kimyaçılar”ın bəzi mövqelərdə çatışmazlıqları var və “Turan Tovuz”la oyunda bu, problemə çevrilə bilər.

11 avqust / 21:00 Sabah – Zirə

Konfrans Liqasında III təsnifatda səfər oyunlarını keçirən hər iki komandanın növbəti dueli bir-birilərinə qarşı olacaq. “Sabah” İrlandiyada “Sent Patriks”ə məğlub olub və komandadaxili ab-hava istənilən səviyyədə deyil. Çempionata da yaxşı başlamayan “futuristlər” “Zirə” ilə matçda minimum bir xal üçün oynayacaq. Bundan bir neçə gün sonra “Sent Patriks”lə cavab görüşü olacaq və baş məşqçi Krunoslav Renduliç ola bilsin, əsas gücü bu görüşə saxlasın.

“Zirə”də isə atmosfer yaxşıdır. Premyer Liqaya “Səbail” qələbəsiylə start verən “qartallar” Xorvatiyada “Osiyek”lə Konfrans Liqası matçında heç-heçə etməyi bacarıb. Rəqibindən daha diri görünən “qartallar” buna qədər çempionatda “Qarabağ”dan sonra ən yaxşı formada olan komandadır. Rəşad Sadıqov da böyük ehtimalla həmkarı kimi əsas gücü avrokubok oyununa verəcək və APL matçında rotasiyalar mümkündür.

Premyer Liqada I turdan sonra yalnız üç komanda – “Qarabağ”, “Zirə” və “Sumqayıt” qələbəyə sevinib. İkinci turda qaliblərin sırasının genişlənəcəyi ehtimal edilir.

Şahin Cəfərov