APL-də sürpriz lider – “Səbail”in enişi davam edir

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. Elmar Baxşıyevin yetirmələri VIII turda “Səbail”ə qalib gəlib – 3:2.

Stadionu hazır olmadığı üçün daha əvvəl ev oyunlarını Mərdəkandakı “Liv Bona Dea Arena”da keçirən naxçıvanlılar bu dəfə rəqibi Sumqayıtda qəbul etməli oldu. Buna səbəb Mərdəkandakı arenada təmir işlərinin getməsi idi. Öz elindən didərgin düşən naxçıvanlılar Sumqayıtda baş tutan matça yaxşı başlamadı. Demək olar, qol epizodlarının minimum səviyyədə olduğu matçda qonaqlar fasiləyə yaxın öna keçdi. “Səbail”in heyətində Qorka Laruçça gözəl qolla hesabı açan tərəf oldu.

Fasilədən sonra isə oyun fərqli məcrada keçdi. “Araz-Naxçıvan” demək olar, bütün komponentlərdə rəqibini üstələdi və üç qol vuraraq, meydanı qələbə ilə başa vurdu. “Səbail” sonlara yaxın fərqi minimuma endirsə də, gücü bundan artığına çatmadı.

Oyun ümumi olaraq, sönük keçdi deyə bilərik. Hər iki tərəf üçün də daha çox ortada keçən oyun yekunda nominal meydan sahiblərinin üç xal qazanmasıyla başa çatdı. Elmar Baxşıyev “Araz-Naxçıvan”da mübariz komanda yarada bilir. Xüsusilə, müdafiədə inamlı oyun ,sürətli hücumlarda effektivlik komanda adına müsbət məqamlardandır. Lakin yarımmüdafiə xəttində çatışmazlıqlar hiss edilir.

“Səbail” isə enişə davam edir. Hər dəfə düzgün yoldayıq deyən baş məşqçi Şahin Diniyev də artıq uğursuzluğa səbəb tapa bilmir. Müdafiədə zəif təsir bağışlayan “dənizçilər” demək olar, hər tur qol buraxır. Gedişat yaxşı deyil. Diniyev tez zamanda komandanı toparlaya bilməzsə, onun üçün də yol ayrıcı görünəcək.

Şahin Cəfərov