Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq. Son görüşdə “Neftçi” azarkeşləri önündə əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək.
Premyer Liqada tarixinin ən uğursuz mövsümünü keçirən “Neftçi” 14 oyundan sonra 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Samir Abasovun yetirmələri ötən turda “Zirə”ni məğlub edərək (2:1) autsayderlər qrupundan aralanıb. Buna baxmayaraq, sonuncu “Səbail”lə xal fərqi 5-dir və bundan sonra qazanılacaq/itiriləcək hər xal komandanın turnir cədvəlindəki mövqeyi baxımından önəmli olacaq. Avrokuboklar zonasından 14 xal geridə olan “Neftçi”nin “üçlük” şansları az görünsə də, qarşıda hələ 21 tur var və hər şey dəyişə bilər. Bununçünsə dövrənin sonuna qədər maksimum xallar qazanmaq “ağ-qaralar” üçün önəmlidir.
“Qarabağ”da isə durum daha yaxşıdır. Ehtiyatda 2 oyunu olan “atlılar” liderliyə yüksələn “Araz-Naxçıvan”dan 2 xal geridir. Bu gün qazanılacaq qələbə komandanı yenidən zirvəyə yüksəldəcək. “Qarabağ” bir neçə gün əvvəl Avropa Liqasında Bakıda “Lion”a böyük hesabla (1:4) uduzub və komanda daxili psixoloji durumkifayət qədər ürəkaçan deyil. Buna baxmayaraq, “Neftçi” üzərində qazanılacaq qələbə əhvalı nisbətən daha yaxşılaşdıra bilər.
Komandalar arasında “Neftçi Arena”da baş tutan son 10 görüşdə “Qarabağ” 8 qələbə qazanıb. Bir görüşdə qələbəyə sevinən (2021-ci ilin mayı) “ağ-qaralar” həmin tarixdən buyana “atlılar”a qarşı keçirdiyi bütün ev matçlarında uduzub. Maraqlı məqamlardan biri odur ki, “Neftçi” “Qarabağ”ı ev oyununda sonuncu dəfə məhz Samir Abasovun rəhbərliyi altında məğlub edib və həmin mövsümün çempionu adını qazanıb. O vaxtdan bəri “Neftçi” nə çempionluq görüb, nə azarkeşləri önündə “Qarabağ” üzərində qələbə. Abasov yenidən qələbə qazanmaqla həm xalları artırmaq, həm də fanatlara derbi qələbəsi yaşatmaq niyyətindədir.
Bu gün “Neftçi Arena”da baş tutacaq oyuna saat 19:00-da start veriləcək.
Şahin Cəfərov