Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başa çatıb.
Futbolpress.az xəbər verir ki, çempion 83 xalla “Qarabağ” olub. “Atlılar” bununla da tarixində 11-ci dəfə çempionatın qızıl medallarını qazanıb.
Premyer Liqada son mövsümdə hakimlərlə bağlı narazılıqlar əvvəlki illərə nisbətən daha çox oldu. VAR texnologiyasından istifadə edilsə belə müəmmalı qərarlar, şübhəli vəziyyətlər yetərincə oldu. Bəs, çempionatda ən çox penalti təyin edən referi kimdir?
Bu, Rəvan Həmzəzadədir. Premyer Liqada 19 oyunda ədaləti qoruyan hakim 13 dəfə penalti qərarı verib. O, həm də oyunlara ən çox təyinat alan ikinci hakimdir. Birinci sırada isə Əliyar Ağayevdir. FIFA referisi 22 matçda baş hakim olub və 8 dəfə penalti qərarı verib.
“Üçlüy”ü Tural Qurbanov tamamlayır. Gənc referi idarə etdiyi 16 matçda 7 dəfə qapılara penalti təyin edib.
Çempionatda ən çox penaltidən qol vuran oyunçu “Səbail”in hücumçusu Aleksandr Ramalinqomdur. Forvard istifadə etdiyi 6 “11 metrə”nin hamısını qola çevirib.
Çempionatı dördüncü sırada bitirən və Konfrans Liqasına vəsiqə qazanan “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov isə ən çox penalti qaytaran qapıçıdır. O, 6 penaltidən 3-nü dəf edib.
Son olaraq, Premyer Liqanın ən çox penalti qazananı “Səbail”dir. “Dənizçilər” matçlarda 10 dəfə “11 metrə”dən istifadə edib və bunlardan yalnız birindən yararlana bilməyib.
Kamil Əhməd