Azərbaycan Premyer Liqasında V tur başa çatıb. Son gündə “Qarabağ” “Zirə” səfərindən inamlı qələbə ilə dönüb.
“Turan Tovuz” bu turda növbəti üç xalını qazanıb, “Neftçi” isə “Şamaxı”da xal itirib. “Sabah” və “Araz-Naxçıvan” isə səfər görüşlərindən qələbə ilə dönüb.
Turan Tovuz – Səbail 1:0
Mövsümün bu ana qədərki sürpriz komandası “Turan Tovuz” məğlubiyyətsiz yoluna davam edir. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv birinci turdakı “Neftçi” heç-heçəsindən sonra qələbələrini sıralayır. Daha bir qeyd ediləsi məqam isə komandanın qol buraxmamasıdır. “Turan Tovuz” müdafiədə ciddi intizamı ilə seçilir və əks-hücumlarda kifayət qədər təhlükə yaratmağı bacarır.
Berdıyev müdafiəyönümlü oyun sistemini komandaya aşılayıb. Beş turdan sonra istədiyi nəticələri əldə edən tovuzlularda hücum xəttində axsaqlıqlar var. Mərkəz forvard Otto Con demək olar, rəqabətsiz qalıb və məhsuldarlığı aşağıdır. Komandadan qarşıdakı günlərə hücum xəttinə transfer gözlənilir.
“Səbail” isə qeyri-stabil nəticələrə davam edir. Şahin Diniyevin komandası Tovuz səfərində pis təsir bağışlamasa da, qələbə və ya xal qazanmaq mümkün olmadı. “Dənizçilər”də də hücum xəttində bitirici oyunçunun olmaması çətinlik yaradır. Komanda cinahlardan sürətli hücum qurmaqda problem yaşamır, buna baxmayaraq, tamamlayacaq oyunçunun olmaması nəticələrə təsirsiz ötüşmür.
Sumqayıt – Araz-Naxçıvan 0:1
“Sumqayıt” da qeyri-stabil çıxışı ilə diqqət çəkir. Samir Abasovun kollektivi sürətli hücumda problemlər yaşayır, müdafiədə isə top itkiləri çoxdur. “Araz-Naxçıvan” qonaq komanda olsa da, daha çox qələbə arzulayan, hücumda olan tərəf oldu. “Sumqayıt”da yeni transferlər demək olar, hələ uyğunlaşmayıb. Böyük ümidlərlə heyətə cəlb edilən Fernando Medeyros gözləntiləri qarşılamır, Rəhim Sadıxov da effektiv ola bilmir. Eyni vəziyyət digər yeni oyunçulara da şamildir. Qarşıda milli komandaların oyunları ilə əlaqədar iki həftəlik fasilə olacaq və “Sumqayıt” buna ən çox ehtiyacı olan komandalardandır.
“Araz-Naxçıvan” isə pis təsir bağışlamadı. Ötən turda “Neftçi” ilə görüşdə qələbəni son saniyələrdə əldən verən naxçıvanlılar Sumqayıt səfərində daha yaxşı oynayan komanda idi. İrəlidə Felipe Santosun aktivliyi, cinahlardan sürətli hücuma keçidlər pis alınmırdı. Sadəcə mərkəzdə Ramon Maçado dəqiq ola bilmir və ya son qərarlarda yanlışlığa yol verirdi. Buna baxmayaraq, “Araz-Naxçıvan” 4 oyunda 7 xal toplayıb və bu, qənaətbəxş sayıla bilər. Bildirək ki, komandanın “Zirə” ilə ehtiyatda oyunu da var.
Şamaxı – Neftçi 0:0
Premyer Liqada mövsümə ən pis başlayan iki komandadan biri “Neftçi”dir. Roman Qriqorçukun yetirmələri Şamaxı səfərində kifayət qədər qol epizodu yaratsa da, futbolçuların qeyri-dəqiqliyi üzündən iki xal itirildi. “Neftçi” bəlkə də, tarixinin ən pis mövsümünü keçirir. 5 turda qələbəsi olmayan “ağ-qaralar”a millinin oyunlarına görə yaranacaq fasilə hava-su kimi vacib idi.
“Şamaxı” isə elitaya yaxşı qayıdıb. Heyətin böyük hissəsi yenilənib və buna baxmayaraq, komanda asan rəqib olmadığını göstərir. Ayxan Abbasovun kollektivi 4 oyuna 5 xal toplayıb və bunu onlar üçün qənaətbəxş hesab etmək olar. “Şamaxı”nın da “Qarabağ”la ehtiyatda bir oyunu var.
Kəpəz – Sabah 2:3
“Kəpəz” hər mövsüm olduğu kimi bu dəfə də erkən baş məşqçi dəyişikliyinə gedib. Ötən turdan sonra istefa verən Adil Şükürovu Azər Bağırov əvəzləyib. Mütəxəssis ilk rəsmi matçına fasilədən sonra çıxacaq. Komandanı “Sabah”la görüşə köməkçi-məşqçi Xaliq Mərdanov çıxardı. “Kəpəz” oyuna sürətli başlayıb, iki qol vurmağı bacardı. “Sabah”ın müdafiəsindəki boşluqları maksimum dəyərləndirən gəncəlilərin üstünlüyü cəmi 45 dəqiqə çəkdi. Fasilədən sonra oyunu ələ alan “Sabah” üç qol vurmaqla geridönüş etməyi bacardı. “Kəpəz” çempionatda ən aşağı büdcəyə və zəif heyətə malikdir. Yeni transferlər ölkələrin aşağı liqalarından gətirilib və onlar da hələ özlərini göstərə bilmir. “Kəpəz” Premyer Liqada xal qazana bilməyən yeganə komandadır və fasilə yeni baş məşqçi üçün çox vacib olacaq. Bağırovun qısa müddətdə nələri dəyişə biləcəyini zaman göstərəcək.
Zirə – Qarabağ 1:3
Bu mövsüm avrokuboklarda yaxşı çıxış edən və tarixində ilk dəfə pley-off mərhələsinə qədər yüksələn “Zirə” son çempiona müqavimət göstərməyə çalışsa da, nəticə istənilən kimi olmadı. “Qarabağ” həm çempionat, həm də Çempionlar Liqasındakı ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanmaqla fasiləyə müsbət atmosferdə yollandı.
“Zirə” sıx qrafikə baxmayaraq, əzmkar mübarizə sərgiləyə bildi. “Qarabağ” qarşısında bir neçə real qol imkanı yaxalayan “qartallar”ın bir qoldan artığına gücü çatmadı. Buna baxmayaraq, “Zirə” çempionatda bu ana qədər haqqında müsbət danışılacaq komandalardandır. Heyətdəki itkilərin də tam sıralara qoşulmasından sonra daha yaxşı “Zirə” görmək mümkündür.
Şahin Cəfərov