Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. Açılış günü “Kəpəz” “Sumqayıt”la, “Qarabağ” isə “Neftçi” ilə üz-üzə gələcək.
Avrokuboklar uğrunda mübarizə aparan “Zirə” “Turan Tovuz”un, “Sabah” “Araz-Naxçıvan”ın qonağı olacaq. Elitanın sonuncusu olacağı dəqiqləşən “Qəbələ” isə bu turda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Kəpəz – Sumqayıt
Əvvəlki oyunlar: 0:1, 1:1, 3:1
“Kəpəz” Premyer Liqada qalmağı rəsmiləşdirib. Ötən tur “Qəbələ”ni məğlub edən gəncəlilər indi yuxarı sıralara qalxmağı hədəfləyir. Adil Şükürovun baş məşqçi postuna gəlişindən sonra oyun olaraq inkişaf edən, nəticələrini yaxşılaşdıran “Kəpəz” elitadakı yerini qorudu. Bu səbəbdən “Sumqayıt”la görüş onlarçün böyük əhəmiyyət kəsb etmir.
“Kimyaçılar”da isə vəziyyət tam fərqlidir. 50 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Gənclik şəhəri” təmsilçisinin xal itirmək şansı yoxdur. Sona 4 tur qalıb və itirilən hər xal avrokuboklar yolunda zərbə olacaq. Çünki digər komandalar – “Neftçi”, “Zirə” və “Sabah”la xal fərqi birdir. Rəqiblərin qazanması, “Sumqayıt”ın məğlub olması komandanı 5-ci sıraya qədər gerilədə bilər.
Qarabağ – Neftçi
Əvvəlki oyunlar: 2:0, 4:1, 2:0
“Qarabağ” çempionluğunu təmin edib. “Atlılar” bunun verdiyi rahatlıq və futbolçuların arxayınlaşması səbəbindən son turlarda xal itkiləri yaşayır. Qurban Qurbanovın artıq itkilərə səbri qalmayıb və komandasından “Neftçi” ilə oyunda mütləq qələbə tələb edəcək.
“Neftçi” isə gümüş medallar uğrunda mübarizəsini davam etdirir. Miodraq Bojoviçin qarşısına qoyulan əsas hədəf – ikincilikdir. Əsas rəqiblər arasında xal fərqi minimumdur və məğlubiyyət komanda üçün baha başa gələ bilər. Eyni zamanda, “Neftçi” uzun müddətdir, “Qarabağ”a qalib gələ bilmir. Son üç oyunda “atlılar”dan 12 qol buraxan “ağ-qaralar” “Forza Neftçi”nin də tribunaya dönməsiylə yaxşı nəticəyə ümid edir.
Turan Tovuz – Zirə
Əvvəlki oyunlar: 2:1, 0:1, 1:1
“Turan Tovuz” ardıcıl xal itkiləri yaşayır. Artıq azarkeş narazılığı da özünü büruzə verir. Əvvəlki turlarda bir neçə qələbə sayəsində 5-ci sıraya yaxınlaşan tovuzlularda avrokubok iştahası yaranmışdı. Lakin sonrakı itkilər yenidən arzuları puç edib. İndi “Turan Tovuz”un 4-cü yerlə arasındakı fərq 7 xaldır. “Zirə”yə məğlubiyyət bu rəqəmi daha böyüdə bilər.
“Zirə” isə ötən tur gözlənilməz xal itkisi yaşadı. “Qartallar”ın evdə “Araz-Naxçıvan”a uduzması 4-cü pilləyə gerilməyə səbəb oldu. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tovuz səfərində qələbə qazanaraq, məğlubiyyəti unutdurmaq istəyir. Rəqib də iki oyundur, məğlub olur və bu, hər iki tərəfin qələbə arzusuyla meydana çıxmasına səbəb olacaq. Tovuzda gərgin oyun olacaq və növbəti məğlubiyyət “Zirə” üçün baha başa gələ bilər.
Araz-Naxçıvan – Sabah
Əvvəlki oyunlar: 1:1, 2:0, 0:2
“Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında ötən tur “Zirə”ni məğlub etməklə sürprizə imza atdı. Muxtar Respublika təmsilçisi əks-hücumlar üzərində qurduğu oyunda istəyinə çatdı və yeni baş məşqçisi ilə ilk qələbəsini qazandı. “Araz-Naxçıvan”ın elitada ciddi hədəfi yoxdur. Klubda artıq yeni mövsümün planlamaları başlayıb. Baxşıyev daha iddialı komanda qurmaq üçün əvvəlcə daxildə islahatlar aparacaq, bəzi oyunçular haqda qərar verəcək. Bu baxımdan növbəti 4 oyun çox futbolçu üçün həlledici olacaq.
“Sabah” isə Krunoslav Renduliçin rəhbərliyi ilə ardıcıl üç qələbə qazanıb. “Futuristlər” yaxşı forma yığıb və turnir cədvəlində 49 xalla 5-ci sıradadır. Bu tur “Zirə”, “Neftçi” və “Sumqayıt”ın səfər oyunları var. Rəqiblərin itkiləri gözləniləndir və “Sabah” bu fürsətdən yararlana, qələbə sayəsində “dördlüy”ə yüksələ bilər.
Səbail – Qəbələ
Əvvəlki oyunlar: 1:0, 3:0, 3:2
“Səbail” bu mövsüm bütün görüşlərdə “Qəbələ”ni məğlub edib. Son turlarda eniş yaşayan “dənizçilər” qeyri-stabil nəticələrlə yadda qalır. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv turnir cədvəlində 7-ci sıradadır. Komandanın riyazi olaraq avrokubok şansları davam edir. Bu baxımdan “dənizçilər” üçün də xallar vacibdir. Autsayder qarşısında itiriləcək xal komandada problemlərə yol aça bilər.
“Qəbələ” isə taleyi ilə barışıb. Elitanı son sırada bitirəcəyi dəqiqləşən “qırmızı-qaralar” artıq oyunlara daha rahat çıxacaq. Təzyiqin olmaması rahat oyuna və qələbəyə belə səbəb ola bilər. Kaxaber Sxadadze hələ “Qəbələ” ilə üç xal qazanmayıb. Gürcüstanlı mütəxəssis komandanı pis durumdan çıxarmaq missiyası ilə gəlsə də, bunu bacara bilmədi. Sona 4 tur qalıb və nəticələr Sxadadzenin taleyi üçün ölçü ola bilər. Reqlamentə əsasən, “Qəbələ” elitanı tərk etməlidir. Lakin son dönəmlərdə APL-də say artımı gündəmdədir və “qırmızı-qaralar”ın yeganə şansı budur.