APL-də tura baxış: "Zirə" önə keçdi, "Sabah" yarışdan qopmadı" />

APL-də tura baxış: "Zirə" önə keçdi, "Sabah" yarışdan qopmadı

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

Çempion “Qarabağ”ın xal itkisi ilə üzləşdiyi turda “Zirə” “Neftçi”ni məğlub edərək turnir cədvəlində ikinci sıraya yüksəlib. “Sumqayıt” “Turan Tovuz”u, “Sabah” “Kəpəz”ı məğlub edib. “Səbail” isə səfərdə “Araz-Naxçıvan”a qalib gəlib.

Turan Tovuz – Sumqayıt 1:4

Avrokuboklar mübarizəsinə qoşulan “Turan Tovuz” ev oyununa “Sumqayıt”a məğlub olaraq ağır zərbə aldı. Azarkeşləri önündə “kimyaçılar”a diş keçirə bilməyən tovuzluların görüşdə təsəlli qolundan başqasına gücü çatmadı.

Oyundan əvvəl hakimlər “Sumqayıt”a kömək edir” iddiaları səngimək bilmirdi. Bunlar fonunda oyuna maraq artmış, mübarizənin daha gərgin olacağı siqnalları gəlmişdi. Lakin “Sumqayıt” yaxşı oyunla rəqibini məğlub etməyi bacardı. Hər iki hissədə effektiv oyun sərgiləyən Samir Abasovun komandası qələbə sayəsində “üçlük”dəki yerini aldı. Son turlarda yaxşı nəticələrlə yadda qalan “Sumqayıt”ın növbəti sınağı çempion “Qarabağ”a qarşı olacaq. Qızıl medalları əvvəldən təmin edən “atlılar” son turlardakı xal itkiləri fonunda bu oyuna mütləq qələbə üçün çıxacaq.

“Turan Tovuz” isə sanki oyunöncəsi yaradılan təzyiqdən qurtula bilmədi. Matçın ikinci hissəsində daha real qol şansı yaradan tovuzlular rəqibin qapıçısı Mehdi Cənnətovu keçə bilmədi. Buna baxmayaraq, Ayxan Abbasovun komandası 4-cü sıradakı “Neftçi”dən 5 xal geri qalır və avrokubok şansları riyazi olaraq davam edir.

Qarabağ – Qəbələ 2:2

Çempion itkilərə davam edir. Bir neçə tur öncə çempionluğu təmin edən “Qarabağ” autsayder “Qəbələ” ilə görüşdə heç-heçəyə razılaşdı.

Qonaqlar hesabı açsa da, “atlılar” geridönüş etməyi bacarmışdı. Lakin oyunun son dəqiqələrdin “Qəbələ”nin vurduğu qol yekunu müəyyənləşdirdi. Heyətdə rotasiyalar edən Qurban Qurbanov daha az şans qazanan oyunçuları meydana buraxmışdı. Lakin gözləntilər qarşılanmadı. Əvəzində sonradan matçaa qoşulan əsas heyət üzvləri – Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir geridönüşün yaratsa da, buraxılan qol planları pozdu. “Qarabağ”ın növbəti rəqibi “Sumqayıt” olacaq. “Atlılar” itkiləri unutdurmaq üçün mütləq qələbə düşünür.

“Qəbələ” isə Sxadadzenin rəhbərliyi altında ikinci dəfə xal qazandı. Düzdür, “qırmızı-qaralar” 9-cu “Kəpəz”dən 14 xal geri qalır. Bölgə təmsilçisinin sonuncu sıradan qurtulması üçün futbol möcüzəsi lazımdır. Buna baxmayaraq, “Qarabağ”la oyunda qazanılan bir xal oyunçular üçün əlavə motivasiya olacaq. Növbəti tur “Kəpəz”lədir və qələbə fərqi 11-ə endirə bilər.

Zirə – Neftçi 3:1

Gümüş medallar uğrunda mübarizə aparan komandaların duelində meydan sahibləri qalib oldu. Oyuna “Neftçi” daha yaxşı başlasa da, sonradan nəzarəti ələ alan “Zirə” rəqibinə üstünlük yarada bildi. İkinci hissədə 10 nəfərlə qalan Rəşad Sadıqovun komandası yekunu öz lehinə dəyişə bildi. Sonradan meydana daxil olan oyunçuların əks hücumda aktivliyi komandaya üç xal qazandırdı. “Zirə” artıq “Neftçi”ni iki xal üstələyir və 2-ci sıradadır. Komanda gümüş medallar yolunda önəmli addım atdı.

“Neftçi” isə problemlər məskənidir. Azərbaycanın ən köklü klublarından hesab olunan “ağ-qaralar” əvvəlki əzəmətini itirib. Azlıqda qalan rəqibinə diş keçirə bilməyən paytaxt təmsilçisi gümüş medal mübarizəsində geri düşdü. Kubokda da ümidləri yoxa bərabər olan “Neftçi”nin bu oyunla ikinci sıranı tutması çətin olacaq.

Kəpəz – Sabah 1:2

Avrokuboklar yolunda iddialılardan olan “Sabah” “Qarabağ”dan sonra “Kəpəz”i məğlub etməyi bacardı. Xüsusilə, ilk hissədə daha aktiv olan “futurislər” 45 dəqiqəyə vurduğu qollar sayəsində üç xal qazandı. 5-ci sırada qərarlaşan “Sabah” 4-cü “Neftçi”dən bir xal geri qalır. “Futuristlər” Krunoslav Renduliçin rəhbərliyi altında oyun planında dəyişiklik edib, indi daha çox top çevirən, rəqibin müdafiəsinin arxasına atılan toplarla fərq yaratmağa çalışan “futuristlər” var. Yeni baş məşqçi ilə nəticələrini yaxşılaşdıran “Sabah” “dördlüy”ə ən böyük namizədlərdəndir.

“Kəpəz” isə demək olar, elitada qalmağı təmin edib. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv oyun planında rəqiblərdən geri qalmır. Hər matç kifayət qədər qol epizodu yarada bilən gəncəlilərdə əsas problem realizasiyadır. “Sabah”la görüşdə bir neçə imkanı boşa verən Adama Niane ön plana çıxan adlardandır. Gəncə təmsilçisi növbəti turda sonuncu “Qəbələ” ilə qarşılaşacaq. “Kəpəz” məğlub olmazsa, elitada qalmağını rəsmiləşdirəcək.

Araz-Naxçıvan – Səbail 0:2

Azər Bağırovun gedişindən sonra baş məşqçi postunu tutan Elmar Baxşıyev ikinci sınağından məyus ayrıldı. Ev oyununda “Səbail”ə uduzan naxçıvanlar qol problemi də yaşayır. “Səbail”lə görüşün ikinci hissəsində hücum fazasında aktivlik göstərən komanda fərqlənə bilmədi. Baxşıyevin əsas işi yeni mövsümün planlarının qurulmasıdır və bu baxımdan növbəti hər matç futbolçular üçün həlledici olacaq.

“Səbail” isə beş tur sonra qələbə qazandı. “Dənizçilər” oyun planında da rəqibinə üstünlük qurdu və layiqli üç xal əldə etdi. Turnir cədvəlinin altıncı sırasına yüksələn “Səbail” 4-cü “Neftçi” ilə xal fərqini 5-ə endirib. Komandanın riyazi şansları davam edir, ancaq yuxarı pillələrdə olan komandalara sərgilədiyi oyun və nəticələrdə “Səbail”dən bir addım öndədir.

31 turun yekununa turnir cədvəlində yenə mövqe dəyişikliyi yaşandı. “Zirə” ikinci, “Sumqayıt” üçünücü sıraya qalxdı, “Neftçi” isə “4-ə” gerilədi. “Sabah”ın da inkişafda olduğunu nəzərə alsaq, son turlar daha gərgin keçəcək. Xal itirən avrokubok zonasından kənara düşür. Bu baxımdan, “Səbail” növbəti görüşdə son şanslarından istifadə etməli olacaq. “Sabah”, “Neftçi”, “Sumqayıt” və “Zirə” isə daha hazırlıqlı görünür. Heyət və keyfiyyət baxımından digər komandaları üstələyən klubların az xal itirəni hədəfə çatmış olacaq.

Şahin Cəfərov