“Anlaşmamız layihə xarakteri daşıyır”

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirildi.

Futbolpress.az xəbər verir ki, mərasimdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırdı:

– Məşqçinin qarşısına uğurlu nəticə hədəfi qoymusunuz. Uğurlu nəticə dedikdə nə nəzərdə tutulur?

– Uğurlu çıxış dedikdə… İstənilən halda, milli komanda meydana qalibiyyət üçün çıxmalıdır. Qarşısındakı rəqibdən asılı olmayaraq. Santuşla danışanda məlum oldu ki, o, məğlubiyyəti qəbul etmir. Bizim üçün də önəmlidir ki, milli qrupda lider olsun. Amma bəzən qrupdakı reallıqları nəzərə almaq lazımdır. Bəzən hədəf birincilik olmalıdır, bəzənsə, rəqibə görə nəticə qazanmalıyıq.

– “Layiqli layihə” ifadəsini milli komanda üçün qəbul etmirəm. Türkiyədə və Polşada işlədiyi zaman uğursuz nəticələrə görə təzminat verib, Santuşu yola saldılar. Mili komandada uğursuzluq olsa, təzminat vermədən onunla sağollaşacağıq, yoxsa?

– Öncəliklə onu deyim ki, müqavilənin bəzi hissələrini açıqlaya bilmərik. Bura maliyyə məsələləri də aiddir. “Beşiktaş”dan ayrılmaq üçün müəyyən səbəblər var ki, bunlar tam açıqlanmır. Bu səbəblərə görə qərar vermək düzgün deyil. Təzminat və məğləğ məsələsini hazırda açıqlaya bilmərik.

– Santuşun köməkçiləri kim olacaq?

– Bu barədə danışmaq tezdir.

– Məşqçi üçün İşçi Qrupu yaradılmışdı. Onlar təklif etdi məşqçini?

– İşçi Qrupunu ilə müəyyən danışıqlar aparıldı. Apreldən sonra AFFA-da dəyişikliklər oldu. İclaslarda müzakirələr aparıldı və İşçi Qrupundakı müzakirələr də nəzərə alındı.

– Millətlər Liqasında hədəflər nədir?

– Qeyd etdiyim kimi, əsas hədəf 2028-ci ildəki Avropa çempionatı üçündür. Anlaşmamız layihə xarakteri daşıyır. Bunun da nəticəsini 2028-ci ildə görəcəyik.

– Qurban Qurbanov dünənki iclasda niyə iştirak etmədi?

– Qurban müəllim öz xahişi ilə iştirak etmədi. Məsələnin həssaslığı və özü də vaxtilə millinin baş məşqçisi olduğu üçün iştirak etmədi.

Məlik Məlikov