Anderssonun bir ili

2023-cü ilin sentyabrın 22-də “Neftçi”yə idman direktoru təyin edilən Yens Anderssonun “ağ-qaralar”dakı xidmətləri bir il çəkmədi. Mütəxəssis ilinin tamamına 3 gün qalmış klubdan ayrıldı.

“Neftçi” rəsmi açıqlamada Anderssonun komandanın uğursuz nəticələrinə görə ayrılmadığını xüsusi vurğulayıb. Maraqlıdır, bəs, onun “Neftçi”dəki işini sonlandırmasına səbəb nə oldu?

Andersson mətbuatla ilk görüşündə iddialı danışmış, böyük məqsədlərinin olduğunu demişdi: skautinq fəaliyyətinin yaxşılaşdırılması, bazanın inşasının tamamlanması, akademiyanın inkişaf etdirilməsi, gələcəyin komandasının qurulması və s. Tipik mütəxəssis açıqlaması, böyük planlar, danışılan hədəflər, ancaq nəticə böyük sıfır – bumövsümkü qələbə sayına bərabər sıfır.

Anderssonun “Neftçi” karyerası uğursuz alındı. Çalışdığı ilk mövsümdə komanda Premyer Liqanı 5-ci bitirdi, avrokuboklardan kənarda qaldı. İkinci il də başlayıb, amma nəticələr yenə ürəkaçan deyil, 6 tura qələbə yoxdur. Edilən transfer faydalı ola bilmir, uyğunlaşmaqda çətinlik çəkir. Azərbaycanın köklü klubu “Neftçi” indi iddiasızlar sırasında qalıb, bəzən məsxərəyə qoyulur, düşdüyü vəziyyətə gülünür.

Andersson idman direktoru kimi “Neftçi”dəki bir ilində gördüyü, ortaya çıxarılan yeganə iş yeni bazanın birinci mərtəbəsinin inşası, komandanın köçürülməsi oldu. Hərçən, idman direktorunun baza inşasında hansı rolları olub, onu da tapmaq müşkül məsələdir.

Hər bir halda, hazırda mənzərə ürəkaçan deyil. Qazanan onlar, itirən “Neftçi”. Qarşıdan “Qarabağ”la Premyer Liqa oyunu gəlir və mümkün böyük hesablı məğlubiyyət klubda növbəti ayrılıqların yaşanmasına səbəb ola bilər…

Kamil Əhməd