Anar Şabanoğlu: “…onun şikayəti elə ilk iclasda rədd ediləcək”

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev idman jurnalistlərindən şikayət edib. Funksioner Anar Şabanoğlu və İxtiyar Əsgərovu özü haqqında dərc edilən materiallarda şərəf və ləyaqətinin alçaldıldığını iddia edərək, onları məhkəməyə verib.

Şabanoğlu “FutbolPress“ə açıqlamasında məsələ haqda fikirlərini bölüşdü:

“Dekabrın 9-u hazırlıq iclası olacaq. Heç bir əsas olmadan barəmizdə xüsusi ittiham qaydasında şikayət verilib.

Riad futbolda çox şey edə bilər. Amma ölkədə haqq-ədalət var. Buna görə də, qeyri-adi nəsə baş verməzsə, onun şikayəti elə ilk iclasda rədd ediləcək. Necə ki, Baş Prokurorluq və Polisə əsassız müraciətləri ilə uzağa gedə bilmədi”.

İdman jurnalisti məhkəmənin onların lehinə yekunlaşacağı halda, qarşı tərəflə bağlı hansısa addım atıb-atmayacaqlarını bilmədiklərini əlavə etdi:

“Bu barədə vəkillərlə məsləhətləşəcəyik. Hələlik, bu əsassız şikayətlə bağlı məsələnin yekunlaşmasını gözləyirik”.

Şahin Cəfərov