Almanlardan şotlandlara qədər – dəyərləndirmə

Futbol üzrə Avropa çempionatına sayılı günlər qalıb. Artıq yığma komandalar son hazırlıqlarını tamamlamaq üzrədir. Almaniyada keçiriləcək qitə çempionatında meydan sahibi komanda A qrupunda Macarıstan, Şotlandiya, İsveçrə yığmaları ilə mübarizə aparacaq.

Almaniya

Meydan sahibi komanda Avropa çempionatının favoritlərindən sayılır. “Opta” nəşrinin məlumatına görə, almanlar İngiltərə və Fransadan sonra siyahıda üçüncü pillədə qərarlaşıblar. Komanda son Avropa çempionatında F qrupunda Fransa, Portuqaliya və Macarıstanla mübarizə aparmışdı. Yoahim Lövün çalışdırdığı komanda qrupda Fransaya məğlub (1:0) olduğu halda, Portuqaliyaya qalib gəlmiş (4:2), macarlarla isə heç-heçə oynamışdı – 2:2. Bununla da Fransanın ardınca 4 xalla qrup ikincisi olan almanlar 1/8 finala vəsiqə qazanmış, lakin sözgedən mərhələdə İngiltərə ilə bacara bilməmişdi 0:2. Hazırda Nagelmannın başçılıq etdiyi yığma son 5 matçında 2 qələbə qazanıb, eyni sayda da meydanı məğlubiyyətlə tərk edib. Bir oyun isə heç-heçə başa çatıb. “Transfermarkt”a görə, Almaniyanın ən dəyərli futbolçusu “Bayer”in yarımmüdafiəçisi Florian Virtzdir – 130 milyon avro. Yığma komandanın ümumi dəyəri isə 878 milyon avrodur.

Macarıstan

Qrupun digər komandası Macarıstandır. Macarlar 2020-ci ildə keçirilən qitə yarışında almanlarla F qrupunda mübarizə aparıb. Komanda qrupda sonuncu – 4-cü olmuşdu. Marko Rossinin rəhbərlik etdiyi kollektiv Fransa və Almaniya ilə heç-heçə edib. Portuqaliya ilə bacara bilməyən yığma 2 xal toplamağı bacarıb. Köhnə qitə təmsilçilərinin ən dəyərli futbolçusu “Liverpul”un yarımmüdafiəçisi Dominik Şobozlaindir. Yığma son 5 oyununda 3 qələbə qazandığı halda bir dəfə də məğlub olub. “Transfermarkt”ın dəyərləndirməsinə görə onun qiyməti 75 milyon avrodur. Komandanın ümumi dəyəri isə 164 milyon avrodur.

İsveçrə

A qrupunun üçüncü komandası isə İsveçrədir. AVRO-2020-də də A qrupunda mübarizə aparan komanda İtaliya, Uels və Türkiyə rəqib idi. Uelslə heç-heçə edən yığma Türkiyəni üstələməyi bacarmışdı. İtaliyanlara məğlub olan Petkoviçin rəhbərlik etdiyi komanda qrupda ən yaxşı üçüncü kimi 1/8 finala yüksəlməyi bacarıb. Sözügedən mərhələdə fransızları da penaltilər seriyasında üstələməyi (4:3) bacaran yığms 1/4 finalda İspaniya (1:2) ilə bacarmayıb. Ümumilikdə, İsveçrə son 5 oyunda 2 dəfə məğlub olub, eyni sayda da qələbəyə sevinib. İsveçlilərin ən dəyərli oyunçusu Manuel Akanjidir. “Transfermarkt” nüdafiəçini 45 milyon avro qiymətləndirir. Yığmanın ümumi dəyəri isə 285 milyon avrodur.

Şotlandiya

Qrupun sonuncu komandası isə Şotlandiyadır. Şotlandlar AVRO-2020-də D qrupunda İngiltərə, Xorvatiya və Çexiya ilə mübarizə aparmışdı. Şotlandlar matçın 2-də məğlub olmuş, İngiltərəylə isə qolsuz “sülh”ə razı olmuşdular. Stiv Klarkın rəhbərlik etdiyi komanda son 5 matçının yalnız birində qələbəyə sevinə bilib. 2 qarşılaşmada məğlub olan komanda, eyni sayda da bərabərliyə razı olub. Ümumi dəyəri 206 milyon avro olan komandanın ən bahalı futbolçusu Skot Maktomineydir. “Mançester Yunayted”in formasını geyinən yarımmüdafiəçinin qiyməti 32 milyon avrodur.

Məlik Məlikov