13-16 avqust tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” adlı beynəlxalq turnirdə təmsilçilərimiz uğurlu çıxışları ilə fərqləniblər.
Futbolpress.az xəbər verir ki, millimizin tərkibində böyüklər yaş kateqoriyasında Cəfərova Zəhra, gənc fərdi gimnastlar Qurbanlı Fidan, Məmmədova Sofiya, Sadıqova Ayan, yeniyetmələr üzrə isə Sadıqova Nur və Kolesnikova Alina yer alıb.
Yarışın reqlamentinə əsasən çoxnövçülük proqramında çıxışlar iki alət üzrə qiymətləndirilib. Lent və gürzlər üzrə yerinə yetirilən çoxnövçülük proqramında gənclər arasında Fidan Qurbanlı (49.500 xal), yeniyetmələr yaş kateqoriyasında Alina Kolesnikova (44.150 xal) qızıl medalın sahibi olub. Nur Sadıqova (51.950 xal) isə yeniyetmələr arasında keçirilən halqa və top alətləri üzrə çoxnövçülük mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, gimnastlarımız ümumilikdə ölkə aktivinə 3 qızıl medal yazdırıblar. Bundan başqa, zəriflik nümayişində gənclər arasında Fidan Qurbanlı, yeniyetmələr arasında isə Nur Sadıqova “Miss Grace” nominasiyasının qalibi adına layiqi görülüb.