Aldanmış kəvakib

2017-ci ilin sentyabrından “Neftçi”dədir Emin Mahmudov. Müstəqillik tarixinin ən yaxşısı olmağa namizədkən, karyerası dramatik qüruba yaxınlaşır…

Dünən “Sabah”a ölkə kubokunun yarımfinalında ələnən klassik flaqmanın üzgün halı bütün çalarlarıyla Eminin simasında, meydanı tərkedişində cəmlənmişdi…

“Neftçi”də 250 oyun, 58 qol, 61 məhsuldar ötürmə – kapitanın şahə qalxmayan miskin statistikası…

Azərbaycan millisində 53 oyun, 14 qol, 3 məhsuldar ötürmə. Millidə ən çox qol vuran futbolçu adını qazanmaq üçün cəmi 1 qol yetmir. Və nə zamandır ki, minbir bəhanə-səbəblə milliyə çağırılmır…

2016-cı ildə Samara təmsilçisindəykən Azərbaycan millisini seçmək qərarı verən Mahmudovun fərqli tərzi, ümumiyyətlə, özünəməxsus obrazı onun gələcəyin liderinə çevriləcəyi haqda işarə idi. Özünəməxsus lider də oldu, lakin sanki bir nəsnə çatışmırdı ki, Eminin həqiqətlərini büruzə versin, onu daim haqlı tərəfdən gündəmdə saxlasın – siyasət. Fərqli kapitanın zaman-zaman “kölgəyə çəkilməsi” və ya itələnməsi onun “siyasi gedişlərdən” uzaq olmasından qaynaqlandı…

Haqqında qondarılan, “pulu üstün tutdu” atmacası isə iftira idi. Emin siyasətsizliyindən dolayı pulun da “mənfi aurasına” qurban verildi…

“Qarabağ”a gedə bilərdi, lakin politik addan uzaq bu gənc öz ideoloji bütövlüyü ilə “Neftçi”ni seçdi, “ağ-qara” tribunanın coşğun qəlbində özünə taxt qurdu.

Alınmadı, nə “Neftçi”də, nə də ona sadiq qalan Emində. Arzular nakam qalsa da, bir cığır yaratdı, ad qoydu. “Neftçi”nin simvollarından birinə çevrilməyi bacardı.

Bəlkə öz yanlış qərarlarından, bəlkə zamanın diqtəsindən – “aldanmış kəvakib” taleyi yaşadı. Ən doğrusunu özü deyər, azdanışan qəhrəmanımız…

Tarix, zaman öz qiymətini verib, verəcək də. Ancaq eminmahmudovları parlaq ulduz etmək, o cür istedadların layiq olduğu mərtəbəyə nail olması üçün futbolumuzun yusif sərraclara ehtiyacı var…

Kamil Əhməd