Akademiya rəhbəri: “Heç bir klubdan geri qalmırıq”

FutbolPress“Turan Tovuz”un nəzdində futbol akademiyası 2021-ci ilin yanvarında açılıb. Akademiyanın ərazisində inzibati binalar, eyni zamanda dörd futbol meydançası tikilib və aşağı yaş qrupları üçün demək olar, hər şərait yaradılıb. Bunun nəticəsidir ki, son illərdə “Turan Tovuz”un müxtəlif yaş kateqoriyalarından olan oyunçuları milli komandalara dəvət alırlar.

Akademiyanın inkişafı rayon futboluna, eləcək də gələcəkdə əsas komandaya faydalı olacaq. Bir müddət böyük futboldan kənar qalan “Turan Tovuz” ötən ildən elitada çıxış edir. Mövsümü 6-cı pillədə başa vuran tovuzlularda yay transfer dönəmində heyət gücləndirilib və iddialı komanda formalaşıb.

Əsas və aşağı yaş qrupları üzrə komandalara diqqətin ayrılması Tovuz futbolunu daha inkişaf etdirəcək və Azərbaycan futbolu da bundan öz payını alacaq.

“Turan Tovuz”un akademiyasının rəhbəri Rasim Əliyevlə akademiyanın fəaliyyəti və uşaqların durumu ilə bağlı söhbətləşdik:

– Akademiyada son vəziyyət nə yerdədir?
– Ötən mövsüm çempionat bitdikdən sonra 5 yaş qrupu üzrə seçimlər etdik. Avqustun 1-dən isə U-17 və U-19 komandalarının hazırlıqları başlayacaq.

– Akademiyanın inşası və kluba yeni sponsorun gəlişi (“Huner Group”) işinizə hansı təsirləri göstərdi?
– Hər şey yaxşılaşıb, uşaqların akademiyada qalması üçün şərait var. “Turan Tovuz” tək Tovuz bölgəsi deyil, ümumi Azərbacan üçün yaxşı layihədir.

– Əsas komandanın bir neçə il elitadan kənarda qalması sanki Tovuz futbolunu gerilətmişdi…
– Düzdür, eyni zamanda U-15-dən yuxarı komandalarımızın olmaması futbolçu baxımından problemlərə səbəb olmuşdu. Ancaq indi şükürlər olsun, hər şey düzəlib. Kütləvilik artıb, futbolçular çoxalıb. Bu ildən U-10-dan U-14-ə kimi hər yaş qrupu üzrə iki komanda yaradacağıq. Bundan əlavə Qovlar və Qaraxanlı kəndlərində bu yaş qrupları üçün əlavə komandalar yaradacağıq. Məqsədimiz qarşıdakı illərdə yaxşı tovuzlu futbolçuların yetişməsidir. İnanıram ki, Azərbaycan müxtəlif kateqoriyalar üzrə milli komandalarında uşaqlarımızı görəcəyik.

– Akademiyanın inkişafı üçün əlavə hansı planlarınız var?
– İnkişaf proqramımız var. Bu, U-10-dan U-19-a kimi bütün yaş qruplarını əhatə edir. Hər məşqimiz plan üzrə gedir.

– Azərbaycanda uşaq futbolunun mövcud vəziyyəti ilə bağlı narazılıqlar var. Bəzən problemlərin səbəbi məşqçilərdə, bəzən də şəraitin yaxşı olmamasında görür. Siz necə düşünürsüz?
– Digər klublarda da bizdə olduğu kimi şərait olsa, yaxın gələcəkdə yaxşı uşaqlar yetişəcək. Eyni zamanda klublarda savadlı kadrlar olmalıdır. AFFA-nın keçirdiyi məşqçi kurslarında yaxşı olmayanlar kateqoriya ala bilmir. Savadı olmayan məşqçi uşağa nə öyrədə bilər? Heç nə. Həm savadlı kadrların artması, klub sayının çoxalması gələcəkdə uşaqların inkişafına təkan verəcək. Seçimlərimizdə gördüm ki, demək olar, bütün bölgələrdə 14 yaşa qədər yaxşı və istedadlı uşaqlar var. Amma yaş artıqda onlar özlərinə komanda tapmaqda çətinlik çəkirlər.

– Belə fikirlər var ki, valideynlər aşağı yaş kateqoriyalarında olan uşaqlarından nəticə tələb edirlər. Bu isə öz növbəsində uşağın təzyiq altına düşməsinə səbəb olur. Valideynlərin nəticə həvəsini necə aradan qaldırmaq olar?
– Biz klub olaraq heç vaxt aşağı yaş qruplarında nəticəyə önəm verməmişik. Nəticə tələb olunanda həm məşqçinin, həm də uşağın üzərində təzyiq olur. Bu isə müəyyən problemlərə yol açır. Aşağı yaş qruplarında işin nəticəsi hesablarda yox, əsas komandaya, müxtəlif kateqoriyalı milli komandalara futbolçu verməkdədir. Biz valideynlərlə bu barədə mütəmadi söhbətlər aparırıq. Bəzi yaş qruplarında artıq nəticələr ləğv olunub. Bu, sevindirici haldır. Uşaqlar arasında bölgələrdə müxtəlif futbol turnirləri də təşkil edilsə, yaxşı olardı.

– Başqa narazı olduğunuz məqam nədir?
– Bir də məsələ əsgərliklə bağlıdır. İstedadlı uşaqlar var ki, artıq hərbi xidmət yaşına gələndə getməli olur və azı bir il futboldan kənarda qalır. Onlar ən yaxşı vaxtlarında sevdikləri işdən uzaq düşürlər. Qayıtdıqdan sonra isə formanı bərpa etmək çətin olur, bəzilərində heç maraq qalmır.

– Hazırda ölkəmizdə “Sabah”, “Neftçi” və “Qəbələ” aşağı yaş qruplarında fərqlənirlər. “Turan Tovuz”un onların səviyyəsinə çatmağına çox var?
– Bizdə bir neçə yaş qrupunun olmaması öz təsirlərini göstərirdi. Amma artıq bu məsələdə həll olunub. İstər şərait, istərsə də görülən iş baxımından heç bir klubdan geri qalmırıq. Sadəcə Bakı komandalarının seçim imkanları çoxdur. Valideynlər uşaqlarını bölgə akademiyasına göndərməkdənsə, Bakını üstün tutur. Başqa bir məsələ yoxdur. Xarici klublardan biri ilə də əməkdaşlıq nəzərdə tutulur və yaxın gələcəkdə oyunçularımızın bir neçəsini kənara göndərə bilərik.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu