Aikido ustad Morihey Ueşiba tərəfindən Yaponiyada yaradılmış döyüş sənətidir. Bu döyüş sənəti Budo ( döyüş sənəti haqqında təlim) prinsipləri və fəlsəfəsi ilə yanaşı samurayların şərəf kodeksinə əsaslanır. Aikido sözü Ai – harmoniya, Ki – enerji, Do – yol kimi açıqlanır. Aikidoda yarışlar keçirilmir. Bu döyüş sənətinin əsas prinsipi “əsl qələbə özün üzərində olan qələbədir”. Burada yaş və çəki limiti kimi maneələr yoxdur. Buna görə də müxtəlif yaş dövründə olan adamlar (həm uşaqlar, həm də yaşlılar), müxtəlif peşə sahibləri Aikido ilə məşğul ola bilərlər. Silahlı şəxsi zərərsizləşdirmək və şəraitə nəzarət etmək strategiyası Aikidonu hüquq – mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçular arasında populyar edib. Aikido dünya reytinq cədvəlində 5 ən elit idman növlərinin siyahısına daxildir. Adıçəkilən idmanın məqsədi şüurun, bədənin və ruhun təlimi vasitəsilə cəmiyyəti daha da sağlamlaşdırmaqdır. Hazırda Dünya Aikido Mərkəzi Tokyoda yerləşir.
Bəhs etdiyimiz idman növü ilə məşğul olan şəxslər fiziki və mənəvi cəhəhdən inkişaf edir. Məşqlərdə aikidonun sirrləri ilə yanaşı, tənəffüs üsulları, meditasiya və sağlamlığın qorunması üsulları öyrənilir. Aikido ilə məşğul olan insan stressdən, sinir gərginliyindən və s. kimi insan sağlamlığına təsir edəcək mənfi amillərdən uzaq olur. Hazırda Azərbaycan idmançıları beynəlxalq arenalarda ən güclülərindən sayılır. Bu idman növünün hazırkı durumu, perspektivləri və gələcək planlar haqda Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti Fariz Abdullayevlə söhbətləşdik.
Adbullayev öncəliklə aikido haqda məlumat verdi:
“Aikidonun dünyada 50-dən çox istiqaməti var. Bizim məşğul olduğumuz növ “Real aikido” adlanır. Azərbaycan Real Aikido klubu 20 iyun 2013-cü il tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hamin vaxtdan rəsmi olaraq fəaliyyət göstəririk. Ölkəmizdə bu növünün inkişafını qənaətbəxş adlandırmaq olar. 12 ünvanda klublarımız fəaliyyət göstərir və 300-dən çox stabil aikido ilə məşğul olan idmançımız var”.
Müsahibim özünün və tələbələrinin çıxış etdiyi turnirlərin bir neçəsinin adını çəkdi:
“Aikidonu bir çox idman növündən fərqləndirən əsas cəhətlərdən biri də burada yarışların olmamasıdır. Burada beynəlxalq seminarlar, döyüş növləri festivalları olur. İdmançılarımız həm ölkədaxili və beynəlxalq yarışlarda iştirak edir. Mən 6 dəfə ölkəmizi Beynəlxalq Döyüş Növləri Festivalında təmsil etmişəm. Bu turnir Fransada keçirilir və orada 2 dəfə çıxış etmişəm. 3 dəfə isə Serbiyada Beynəlxalq Seminarda iştirakım olub. Həmçinin tələbələrim də dəfə beynəlxalq seminarda çıxış ediblər. Bunların biri Serbiyada, digəri isə Qazaxıstanda baş tutub”.
Vitse-prezident iyunda ölkəmizdə mötəbər seminarın keçiriləcəyini qeyd etdi:
“Bildirmək istəyirəm ki, iyunun 9-da ölkəmiz real aikido özünümüdafiə sənəti üzrə X Beynəlxalq Seminara ev sahibliyi edəcək. İndiyə qədər keçirilən 9 seminarın 6-da Azərbaycan dünyada birinci olub. İki kateqoriyada – nizam-intizamın yüksək olması və texniki-fiziki hazırlağa görə bu uğura sahib çıxmışıq. Məqsədimiz 9 iyun tarixində ölkəmizi yenidən dünyada birinci etməkdir”.
Sözügedən idman növünün inkişafı üçün davamlı işlər görülür:
“Aikidonun inkişafı üçün hər zaman etdiyimiz taktikaya sadiq qalırıq. Davamlı olaraq təbliğat işi ilə məşğuluq. İnsanları sağlam həyata təşviq edirik. Bunun üçün də mütəmadi olaraq ödənişsiz seminarlar təşkil edirik. Bir çox gənclər təşkilatları və ictimai birliklərlə əməkdaşlıq qurmuşuq. Həmçinin məktəbləri və universitetləri də bu sıraya qatmaq olar. Bacardığımız qədər tələbələr və şagirdlərə aikidonu sevdirməyə çalışırıq. Eyni zamanda sosial şəbəkələr üzərindən də aikidonun təbliğatını aparıb bu idman növünü populyarlaşdırmağa çalışırıq. İstəyirik ki, gənclərimiz bu idman növünə maraq göstərsin. Qeyd etdiyim kimi, həm fiziki, həmçinin də onlayn olaraq durmadan təbliğat işləri aparırıq. Beynəlxalq Aikido Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi – Real Aikido Federasiyası olaraq klubların saynı artırmağı hədəfləyirik. Düşünürük ki, klubların, idman mərkəzlərinin sayı nə qədər çox olsa, populyarlıq bir o qədər də artar. Hazırda klublarımız Bakıda və Sumqayıtda fəaliyyət göstərir. Qarşımıza hədəf qoymuşuq ki, gələcək illərdə klublarımız bölgələrdə də fəaliyyət göstərsin”.
Fariz Abdullayev gənclərin aikidoya marağının yüksək olduğunu dedi:
“Sevindirici haldır ki, illər keçdikcə gənclərimizin aikidoya marağı artır. Lakin bir nüansı qeyd etmək istəyirəm. Real Aikido özünümüdafiə sənətində oğlanlarla yanaşı, qızların da marağını yüksək qiymətləndirmək olar. Belə ki, xanımların da sayı hər il artan xətt üzərində gedir. Seminarda görürük ki, xanım idmançılar da bəylərlə eyni səviyyədədir. Bizim idman növündə yaş məhdudiyyəti olmadığından 60 yaş yaşdan yuxarı xanım və bəy idmançılarımız da var və biz onlarla fəxr edirik”.
Federasiya rəsmisi hazırda ən böyük problemin maliyyə məsələsi olduğunu bildirdi:
“Məşğul olduğumuz idman növündə xüsusi nəzərə çarpacaq problemlər yoxdur. Yalnız bir məsələniz qeyd edə bilərəm ki, bizim maddi bazamız zəifdir. Maliyyə imkanlarımız daha yüksək olsa, dəstəkçilərimizin sayı artsa, biz bu idman növünü daha da inkişaf etdirə bilərik. Federasiya daxilində sorğu keçirdikdə əldə etdiyimiz nəticə ondan ibarət olur ki, aikidoya ələn şəxslər bu idman növü ilə peşəkar səviyyədə məşğul olurlar. Peşəkar səviyyətə çatdıqdan sonra isə təlimçi, məşqçi olmağı düşünürlər. Bu idmanın inkişafı üçün çox önəmlidir. Çünki məşqçi bazamız artmış olur və bu say artdıqca, bizim idman mərkəzlərimizin sayı da çoxalır. Belə olan halda da həm aikidoya, həmçinin ölkə idmanına faydamız olur”.
Məlik Məlikov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında dərc edilib.
Sahə: Uşaq və gənclərin fiziki inkişafında idmanın rolu