AİA açıqlama yaydı: “Silsilə islahatların tətbiqinə başlanılıb”

Dünən mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) guya kütləvi ixtisarlar aparıldığı barədə birtərəfli və yanlış məlumat gedib.

Futbolpress.az xəbər verir ki, AİA-nın mətbuat xidməti mövzu ilə bağlı açıqlama yayıb:

“Məlumat üçün bildiririk ki, 100 nəfərin ixtisar edilməsi ilə bağlı iddia həqiqəti əks etdirmir. Təəssüf ki, məlumat dəqiqləşdirilməmiş ictimailəşdirilib.

Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.

Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.

Bir neçə mərhələdən ibarət olan islahatlara eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir.

İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq”.