Azərbaycan Premyer Liqasının XI turunun “Sabah” – “Neftçi” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Futbolçularımı təbrik edirəm. Həqiqətən, bu gün yaxşı mübarizə apardılar. Son saniyəyə qədər inadkar, keyfiyyətli oyun göstərdik. Amma əfsuslar olsun ki, qol imkanlarından yararlana bilməyəndə qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir, amma onu da boşa verəndə qələbə gözləmək çətin olur. Bu gün iki xal itirdik. Qələbəyə daha yaxın idik. Birinci saniyədən sonra qədər yaxşı oynadıq, xüsusilə də, ikinci hissə. İki xal itirdik, ancaq ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan növbəti oyun haqda düşünəcəyik.
– Bu mövsüm ancaq “Neftçi” ilə oyunlarda qol buraxmamısınız. Ancaq bu komanda ilə oynamaq lazımdır ki, qol buraxmayasınız?
– Federasiyaya müraciət edəcəyik ki, növbəti oyun da “Neftçi” ilə olsun (gülür). Amma bu, mümkün deyil.
– 4 oyundur, qələbə qazana bilmirsiniz. Bu seriyanın qırılması üçün zaman lazımdır, ya sadəcə enişdir?
– Bu hallar futbolun bir parçasıdır. Son 4 oyunda daha çox xallara layiq idik. Hər oyun qələbə qazanacağıq deyə təminat vermək olmur. Ümid edirəm ki, növbəti oyunda qələbə qazanıb, birlikdə qeyd edəcəyik.
– Sofian Çaklanın oynamamasının səbəbi nədir?
– Zədəli idi və iki həftə oynamadı. Onu əvəz edən İqor yaxşı çıxış edir. Dünən də xəstələndiyi üçün iştirak ərizəsinə daxil edilmədi.
– Üç xal üçün yaxşı oyun kifayət edərdisə, turnir cədvəlində yuxarı sıralarda olardınız?
– Bundan öncə sadəcə zarafat etmək istədim. Hər matç yaxşı oyuna ehtiyacımız var. Pis oynasan, xal qazana bilmirsən. Müsbət məqamlardan biri bu gün qol buraxmamağımızdır.
– Avrokuboklar zonasının təhlükəyə girdiyini düşünürsünüz?
– Yanvara qədər hələ çox var. Daha çox xal qazanmalıyıq. İndiki məqamda bundan razı deyiləm. Oyunçularımdan razıyam, amma bu gün bəxtimiz gətirmədi.
Şahin Cəfərov