Müasir dövrün ən populyar idman növlərindən biri ağırlıqqaldırmadır. Sözügedən idman növünün tarixi qədimdir. Bu qədim idman növünə Azərbaycanda da böyük maraq olub. Digər idman növləri kimi, ağırlıqqaldırmanın da kütləviliyi və inkişafı da Azərbaycanın müstəqillik dövrünə təsadüf edib.
Nizami Paşayev 2000-ci illərin əvvəllərində dünya çempionatının dördqat qalibi kimi şöhrət qazanıb. Digər ağırlıqqaldıranlarımızın dünya, Avropa çempionatlarında yüksək nəticələri bu idman növünün inkişafından xəbər verirdi. 2016-cı ildə Azərbaycanın ağırlıqqaldırma üzrə yığmasının dopinqdən istifadəyə görə ağır cəza alaraq yarışlardan kənarlaşdırılması bu idman növünün inkişafını xeyli ləngitsə də, son illərdə yeni nəsilin yetişdiyi hiss olunur.
Ağırlıqqaldırmanın hazırda vəziyyəti, inkişafı, problemləri və s. məsələləri yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Oktay Muxtarovla müzakirə etdik.
Mütəxəssis öncəliklə sözügedən idman növündəki problemlərdən bəhs etdi:
“Gəncləri ağırlıqqaldırmaya cəlb etmək çətindir. 90 faiz valideyn övladının bu idman növü ilə məşğul olmasını istəmir. Səbəb kimi isə onu göstərirlər ki, uşağın boyu qısa olacaq. Bu da olduqca səhv məlumatdır. Uşaqları bu idman növünə cəlb etmək üçün valideynlərlə danışırıq. Burda da 10 nəfərdən 1-i razı olur. Əsas gəncin cəlb edilməsidir. Adıçəkilən idmanla məşğul olduqdan sonra görürlər ki, hər şey kənardan görünən kimi deyil. Fəlsəfəsi geniş növdür. Bir məqamı qeyd edim ki, bu idman növü ilə məşğul olan atletlərin boyu valideynlərindən uzundur. Bəzən özləri də şoka düşürlər. Xarici ölkələrdə ağırlıqqaldırmaya maraq olduqca yüksəkdir. Məsələn, Skandinaviya ölkələrində ağırlıqqaldırmaya böyük axın var. Avropanın bir çox ölkələrində vəziyyət yaxşıdır”.
Muxtarov valideynlərin beynində yaranan səhv fikri aradan qaldırmağı çətin olduğunu dedi:
“Bu problemi aradan qaldırmaq çətin məsələdir. Baxın, ağırlıqqaldırma idman növünə 10 yaşından başlayırlar. 2 il ərzində uşağa ağırlıq vermirsən. Bu illər ərzində onunla məşğul olursan, müxtəlif idman hərəkətlərini öyrədirsən. Ümumilikdə 2 il ərzində uşaq ağır rejimdə məşq etmir. Hərdənbir neçə dəfə yüngül çəki ilə ağırlıqqaldırmaya aid hərəkətlər öyrədirsən. Texnika, bədən quruluşu yaxşı olduqdan sonra ağırlıqlarla işləməyə başlayırlar”
Məşqçi ölkəmizdə vəziyyətin getdikcə yaxşıya doğru dəyişdiyini bildirdi:
“İllər keçdikcə Azərbaycanda ağırlıqqaldırma inkişaf edir. Klublar yaradılıb, maliyyə imkanları getdikcə yaxşılaşır. Nəticələr müsbətə doğru dəyişir. Lerik, Lənkəran, Qobustan, Gəncə və s. kimi rayonlarımızdan hər zaman yaxşı idmançılar çıxıb. Bir neçə bölgədə yeni məşq zalları açılıb. Məsələn, Sabirabad, Tovuz, Ağstafada yeni klublar qurulub. Bunların effekti olacaq. Federasiya rəhbərliyi bu işə böyük diqqət ayırır. Bakıdan məşqçilər ezam olunur. İnkişaf gedir, bunu da nəticədə görürük. Regionlarda maraq var, bu da indiki zaman üçün yetərlidir”.
Təxminən iki il sonra beynəlxalq arenalarda ciddi nəticələrimizin olacağını deyən məşqçi durğunluğun səbəbini də dopinq qalmaqalı ilə əlaqələndirdi:
“2016-ci ildə milli komandada dopinq qalmaqalı oldu. Güclü idmançılarımız qadağa ilə üzləşdi və federasiya tərəfindən tapşırıq oldu ki, yeni ağırlıqqaldıranlar yetişdirilsin. Biz də yeniyetmələrdən başladıq. Onlar da uğurlu çıxış edirlər. Yeniyetmə və gənclər arasında müxtəlif turnirlərdə medal qazanıblar. İnanıram ki, 2 ildən sonra milli komanda daha böyük uğurlara imza atacaq. Yaxşı nəticə verəcəyik. Bu illər ərzində də durğunluğun səbəbi bu dopinq qalmaqalı idi. Turnirə getməyə hazır idmançımız yox idi. Ona görə də nəticə verə bilmirdik. Federasiya, Gənclər və İdman Nazirliyi hər zaman bizə dəstək göstərib. İnanıram ki, qarşıdakı illərdə böyük nəticələrimiz olacaq”.
Çalışdırıcı Olimpiya Oyunlarından gözləntilərini bölüşdü:
“Olimpiya Oyunlarına lisenziya əldə etməmişik. Aprelin əvvəlində Dünya Kuboku keçiriləcək. Bu da Olimpiya Oyunlarına son lisenziya yarışıdır. 4 idmançımız lisenziya qazanmağa yaxındır. Düşünürəm ki, Dadaş Dadaşbəyli lisenziya qazana bilsə, Parisdə bürünc medal qazana bilər. Reallığa baxdıqda, bu, çətin görünür, amma bacarmaq olar. Son nəticələrə baxdıqda demək olar ki, inşallah bir medal qazana bilərik. Hazırda gərgin məşqlər gedir. İdmançılar hazırlaşır”.
Bəs ağırlıqqaldırmanın sağlamlığa faydaları nədir?
“İstənilən idman növünün sağlamlığa müsbət təsiri olur. Lakin sözügedən idman növündə zədələnmələr az olur. Həmçinin qeyd etmək olar ki, bu növlə məşğul olanlar uzunömürlü olurlar”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.