“Ağıllı və cəsarətli olmalıyıq” – Qurban Qurbanov

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah baş tutacaq “Qarabağ” – “Dinamo” (Zaqreb) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Bizim üçün vacib oyundur. Hesabda geri olsaq da, Çempionlar Liqasında iştirak etmək böyük şansdır. Komanda pis hazırlaşmayıb, hər şey qaydasındadır. Geridə olsaq da, inamımız böyükdür. Qələbə üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azından sizlər, azarkeşlər oyunumuzdan razı qalasınız. Final kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, ambisiyalı komandadır. Onlar bizdən daha üstün görünə bilər, amma futbolçularıma, komandama güvənirəm. Sabah hər futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. İnanıram ki, maraqlı oyun olacaq. Məğlubiyyətləri faciə kimi düşünsək, bu işi işləmək lazım deyil. Futbolda hər zaman hər nəticə olub. Bunlara hazır olmalıyıq. İşimizə diqqət etməliyik. Həmişə əmin olmuşam ki, mən, futbolçularım işimizə məsuliyyətlə yanaşmışıq. Yəni, istəmədiyimiz nəticə olanda belə məsuliyyətlə bağlı olmayıb. Məğlubiyyətdən nəticə çıxarırıq və sonra qələbə qazanmaq istəyirik. Vaxtımız var, bu görüşdə məğlub olmaq istəmirik.

– Qapıda Buntiç, yoxsa Koxalski olacaq?
– Sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik.

– Zədəlilərin durumu nə yerdədir?
– Veşoviçdə ümumi durum pis deyil. İki gün əvvəl komandaya qoşulub, məşqlər edir. Sabah yenə də həkim nəzarətindən sonra ola bilər ki, heyətdə olsun. Yankoviç isə yox, hazır deyil.

– Julio Romao məsələsi çox müzakirə olundu. Əvvəlcə oynamayacağı gözlənilirdi, sonra aydın oldu ki, UEFA qərarı dəyişib və oynaya biləcək.
– Daha çox oynamayacaq deyə düşünürdük. Reqlamentdə üç sarı vərəqədən sonra növbəti görüşü buraxmalıdır. Lakin burada xüsusi bir bənd var. Çünki biz I təsnifat mərhələsini buraxmışdıq. Narazılığımız olsa da, arxayınlığımız da var idi ki, oynayacaq. UEFA-dan da rəsmi kağız istəyirdik ki, oynaya biləcəyini dəqiqləşdirək. UEFA-dan cavab gəldi və dedilər haqlısınız.

– Rəqib sizin erkən qol axtarışınızda olacağınızı bilir. Xüsusi bir planınız var?
– Qarşımızda 3:0 irəlidə olan “Dinamo” var. Onlar böyük təcrübəyə sahibdirlər. Bəzən tək cəsarət, istək olanda yana bilərsən, istədiyin olmaya bilər. Rəqibi yaxından tanımalıyıq, çox diqqətli olmalıyıq. Mütləq şəkildə təzyiq etməliyik, amma ağıllı formada. Çünki rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu görmüşük. Onlar da böyük ehtimalla buna hazırlaşır. Ola bilər, əksi olsun, rəqib bizə təzyiq göstərsin. Hər şeyə hazır olmalı, istənilən təzyiqə dözməliyik. Sabahkı oyun ağıllı və cəsarətli olmalıyıq. İlk oyunda kifayət qədər qol şanslarımız var idi. Sabah daha dəqiq olmalıyıq.

– Transfer dönəmini bağlamısınızmı?
– Axtarışlar gedir. Yaxşı azad agent statusunda olan olsa, yox demərik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçularla davam edəcəyik. Bu heyət kifayət edə bilər.

– Adətən 0:3 hesablı məğlubiyyətdən sonra inamlar az olur. Ancaq bir həftədir, “Qarabağ”a böyük inam var. Bunları yaradan biri kimi nə deyə bilərsiniz?
– Oyundan sonra da inamım itmədi. Məncə, elə futbolun marağı, “Qarabağ”ın xarakteri bundadır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənirlərsə, bizim də onları sevindirməkdən başqa yolumuz yoxdur. Cəsarətli futbol oynayıb, nəticə nə olur olsun, yaxşı mübarizə aparmalıyıq. Mənim də, azarkeşlərin də fikirləri üst-üstə düşür. Sabahkı oyuna hamımız hazırıq.

– İlk oyundan sonrakı ab-hava komandada çalışdığınız 15 illik dönəmdə hansı anı, hansı oyunu xatırladır?
– Demək olar, heç kim bizdən belə məğlubiyyəti gözləmirdi. Lakin futbol səviyyəyə gəlib ki, böyük hesablı nəticələr olur. Bizim kimi klublara belə şanslar həmişə düşmür. İlk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə düşəndə hamı düşünürdü ki, ÇL himni səslənsin, nəticə maraqlı deyildi. Amma indi hamı nəticə düşünür, himn kiminsə yadına gəlmir. Məsuliyyəti bilirik, çalışırıq ki, arzuları reallaşdıra bilək. “Dinamo” güclü komandadır. Amma belə rəqibləri məğlub etmək bizim üçün daha gözəl olub. Bizim həmişə bütün oyunlarımız məsuliyyətli olub.

– “Dinamo” ilə maraqlı statistika var. Onlar ötən il pley-off mərhələsində ilk oyunda qələbə qazansalar da, cavab görüşündə böyük hesabla uduzmuşdular. Böyük ehtimal bu detala varmısınız. Həmin cavab görüşlərini izləmisinizmi?
– Demək olar, baxmışam, maraqlanmışam. Buraxılan, vurulan qolları izləmişəm. Təcrübəli məşqçiləri var, yaxşı kollektivdirlər. Böyük klubdurlar və belə nəticələr onları daha məsuliyyətli edir. Məncə, bu dəfə daha məsuliyyətli olacaqlar.

– Üç qol vurmaq asan deyil. Əlavə vaxtı və penaltilər seriyasını düşünürsünüzmü?
– Hər bir situasiyaya hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən bu dərəcə qələbə gözləyirsə, nəinki 90, 120 dəqiqə vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Çalışıb, işimizi 90 dəqiqədə oyunumuzu göstərib, nəticəni qazanmalıyıq. Çox istərdik ki, hər şey 90 dəqiqədə həll edilsin.

Şahin Cəfərov