AFFA yeni mövsümün formatını açıqladı

19 fevral 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqası, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.

Ardından Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.