İsveçə 1:3 hesabıyla uduzan əsas milli komandanın gəldiyi yol, gedəcəyi yola həsr olunan bu başlığı ikinci dəfə təkrarlamağa 21 yaşlılardan ibarət millimiz səbəb verdi. Avropanın cırtdan ölkəsi Lüksemburqa uduzdular – 0:2.
Yarım ildir ki, AFFA-da hakimiyyət dəyişib, ancaq rəzil günə qoyulan futbolumuzun xilası üçün gözəgəlimli bircə qərar verə bilməyiblər hələ də.
Ayıbdır, Avropanın cırtdan ölkələri də ayıldı, öyrəndi və indi normal futbol oynaya bilirlər, bizi udurlar. Özü də bizdən az pul xərcləməklə inkişaf edirlər. Biz hara gedirik?
Rövşən Nəcəf başda olmaqla, yeni rəhbərlik nə düşünür, nə etmək istəyir – heç kəsə məlum deyil. Elə bil, qınlarına çəkiliblər və dəvəquşu misalı…
Samir Əliyevin oyundan əvvəl şikayəti: oyunçuların praktikası aşağıdır. Bu vəziyyətə də çarə tapa bilmirsiniz? Nəyə yarayırsınız? Niyə futbolda təcrübəsi olan insanlara qapanmısınız?
Azərbaycan imkanlarını aşacaq həddə məvaciblər hesabına xaricdən adamlar gətirməyinizin mənası, məramı nədir?
Hanı müzakirələr, ictimai debatlar? Keçmiş rəhbərliyin qapanıqlığını niyə yamsılayırsınız? Hanı gəlişiniz, niyə hiss edilmir?
Suallar zibil tayası kimi yığılıb qalaq-qalaq, cavablar yoxdur. Ölü sükunət, xaosa aparan ətalət. Belə dəyişiklik gözünə girsin AFFA-nın…
Elçin Cəlilov