10 komandanın yarışdığı apardığı sezonda artıq 24 tur geridə qalıb. Son çempion “Qarabağ” yenə zirvədədir. “Sabah”ın ikinci, “Neftçi”nin üçüncü olduğu yarışda əsas mübarizə ikinci “beşlik”də gedir. Sonuncu olan bu mövsüm elitanı tərk edəcək. Bu, çempionatın daha gərgin keçməsinə səbəb olan amillərdən biridir.
Premyer Liqada hazırkı vəziyyət, Azərbaycan milli komandasının son oyunlardakı nəticələri, bölgə təmsilçilərinin elitadakı mübarizəsi haqda keçmiş “Bakı” klubunun vitse-prezideni Yaşar Seyidovla danışdıq. Həmsöhbətimiz Azərbaycan futbolunun inkişaf yolunda olduğunu və uğurların davamının gəlməsi üçün sistemli işin vacibliyini vurğuladı. Həmin müsahibəni təqdim edirik:
– Azərbaycan futbolunun hazırkı durumu kənardan necə görünür?
– Bu haqda danışarkən az da olsa, inkişaf yolunu tutduğumuzu deyə bilərik. Gələcəyə ümidlə baxmaq lazımdır. Bir neçə il əvvəl komandalarımız avrokuboklarda bir-iki mərhələ keçməklə kifayətləndirdisə, indi vəziyyət fərqlidir. “Qarabağ” hər il beynəlxalq arenada uğurlu çıxış edir, Azərbaycan futbol ictimaiyyətini sevindirir. Amma uğurların davamlı olması, milli komandada nəticələrin yaxşılaşması üçün sistemli işlər görmək lazımdır.
– Artıq bu sezondan çempionatda 10 komanda mübarizə aparır. İnkişaf hiss edilir?
– Premyer Liqada komanda sayının artımı çox yaxşı haldır. Arzu edirəm ki, gələcəkdə şimal və cənub zonasının da komandaları elitada yerlərini tutsunlar. Bununla yanaşı, tək say artırmaqla yox, səviyyəli və ciddi şirkətləri klublarımıza sponsorluq etmək üçün yeni Dövlət Proqramına ehtiyac var. Bununla da AFFA və dövlətin yükünü azaltmaq, rəqabətli çempionat yaratmaq və iddialı komandaların sayını artırmaq mümkündür. Bunlar baş verərsə, keyfiyyət də artar, milli komandaların uğurlu çıxışı üçün zəmin yaranar. İndiki vəziyyəti müşahidə edirsiz, 3 komanda çempionluğa oynayır. Digər 7-si isə bərabərsəviyyədə çıxış edir.
– Ötən il AFFA tərəfindən Futbolun İnkişaf Fondu (FİF) yaradıldı və bu yaxınlarda “Turan Tovuz”un “Huner Group”la sponsor müqaviləsi imzalamasında vasitəçi oldular. FİF-in işini necə qiymətləndirirsiz?
– Fondun yaradılması yaxşı oldu. Arzu edərdim ki, onlar tək Premyer Liqa yox, Divizion və Region Liqası klubları üçün də köməklik göstərsinlər. İstəyirəm ki, UEFA və FIFA-dan AFFA-ya gələn vəsait bu fonda köçürülsün və bunlar regionlarda futbolun inkişafı üçün xərclənsin. Son dünya çempionatında FIFA Fransa Futbol Federasiyasına 29 milyon avro mükafat verdi. Federasiya bu vəsaitin 30 faizini komandaya, qalan 70 faizini isə futbolun təşkili və inkişafına yönləndirdi. Bizdə də mütləq şəkildə regionlara vəsait ayrılmalıdır. Premyer Liqanın inkişafı ilə məsələ həll olunmur. Unutmayaq ki, elitada oynayan futbolçular da məhz regionlardan çıxır.
– Azərbaycan futbolunun əsas yükü hazırda “Qarabağ”ın üstündədir. “Atlılar” ötən mövsüm olduğu kimi bu dəfə də Konfrans Liqasında pley-off mərhələsində dayandı
– “Qarabağ” ölkəmizi beynəlxalq arenada təmsil edən yeganə klub və brenddir. Baş məşqçi Qurban Qurbanov isə futbolumuz üçün nümunə… O, bu sahənin inkişafı üçün mümkün olan hər şeyi yoxlayan şəxsiyyətdir. Daha irəli getmək istəyiriksə, sistemli çalışmalıyıq. İlk növbədə Premyer Liqada çempionluğa oynayan komandaların sayı artmalı, təbii ot örtüklü meydançalar çox olmalıdır. Klublar xaricdən keyfiyyətli legionerlər gətirməli, yerli oyunçularımız inkişafı üçün çalışmalıdır. Qurbanov özü də bir neçə dəfə bildirib ki, səviyyəli futbolçular Azərbaycana gəlmək istəmir. Bütün bunların səbəbi isə bayaq sadaladığım problemlərdir. Onlar həll edilməsə, uğurlu nəticələr qazanmaq çətin olacaq.
“Hər kəs “Kəpəz”i iddialı görmək istəyir”
– Premyer Liqada çempionluğa oynayan komanda az olsa da, aşağı sıralarda hazırda gərgin mübarizə gedir. Xüsusilə, bölgə klubları – “Kəpəz” və “Turan Tovuz” elitaya rəng qatıb. Onların oyunlarını necə dəyərləndirərdiz?
– Həm əsas liqada, həm də Divizionda bölgə komandalarının sayını artıb. Ayxan Abbasov Tovuzda yaxşı, döyüşkən komanda formalaşdırıb. Həm də bir həqiqət var ki, bu klubda Oktay Abdullayev və Nadir Nəbiyev kimi futbolu bilən şəxslər var. Kollektiv olaraq “Turan Tovuz” çox güclüdür. Rəhbərlik təcrübəli Abbasova inanır. Baş məşqçi həm “Zirə”, həm “Sumqayıt”da yaxşı təcrübə qazanıb və indi inamla komanda qurur. “Turan Tovuz” ölkə kubokunda “Neftçi”ni keçsə, təəccüblənməyəcəm. Çünki burada vicdanla görülmüş iş var.
– Son illərdə Azərbaycan futboluna yaxşı adlar bəxş etmiş “Qəbələ”də sanki geriləmə hiss olunur…
– “Qəbələ” yaxşı idman infrastrukturu və akademiyası olan komandadır. Onlar haqda ancaq xoş sözlər demək olar. Düzdür, son illərdə maliyyə çətinlikləri yaşanır. Buna baxmayaraq, döyüşür, mübarizə aparırlar. “Qəbələ” Azərbaycanı avrokuboklarda təmsil etməyə layiq komandadır. Ölkə futboluna oyunçu qazandırmağın necə zəhmət və əziyyətli olduğunu bilirəm. Buna görə “Qəbələ”yə ürəkdən uğurlar arzu edirəm.
– “Keşlə”nin varisi, ev oyunlarını Şamaxıda keçirən “Şamaxı”… Gənc və təcrübəsiz heyətləri olsa da, kifayət qədər yaxşı oyun sərgiləyirlər.
– Onların çıxışı qənaətbəxşdir. Kasad heyətlə nəsə etməyə çalışırlar. Rəhbərlik də bunun üçün işlər görür. Təcrübəli oyunçuları çox olsa, daha yaxşı oynaya bilərlər. Onlardan nəsə gözləmək üçün zamana ehtiyac var.
– “Kəpəz”lə bağlı fikirləriniz necədir? Mövsümün yarısıdır, artıq baş məşqçi Tərlan Əhmədov klubdan ayrılacağını söyləyib. “Sarı-göylər”də fərqli situasiya hökm sürür…
– “Kəpəz” dörd illik fasilədən sonra Premyer Liqaya qayıtdı. Bu, Azərbaycan futbolsevərlərinin sevincinə səbəb oldu. “Kəpəz” hər zaman elitada oynamağa layiq komandadır. Güclü azarkeş ordusu var. Bu gün turnir cədvəlində aşağı yerlərdə olsalar da, zamanla daha irəli çıxıb, iddialı olacaqlar. Hər kəs “Kəpəz”i iddialı görmək istəyir. Bu səbəbdən narazılıqlar var. Fanatların qəzəblərini anlamaq mümkündür. Səbirli olmalıdır. Rəhbərliyə və komandaya inansınlar, qələbələrin ardı gələcək.
“Bakı” dağılmamalı idi…”
– “Bakı” indi olmasa da, fanatlar bu klubun yerini unutmur. Son olaraq “Qarabağ”ın avrokubok matçında “Bakı”ya aid pankart açılmışdı. Sabiq klubunuzun futbolçularından, fanatlarından hələ də əlaqələriniz qalıbmı?
– “Bakı” qəlblərdə yaşayan əfsanədir. Ona görə də, illər keçsə belə bu klubun Azərbaycan futbolu üçün gördüyü işlər xatirələrdən silinməyəcək. “Bakı” dağılmamalı idi… Ani və səhv verilmiş qərar idi. Klubun dağılmasının səbəbini heç vaxt açıqlamayacam. Səbəbi bilinməyəcək. “Bakı” haqda danışmaq çox ağırdır. Bu mövzudan bəhs etmək istəmirəm… Üzürlü sayın. Klubun keçmiş üzvləri ilə hələ də əlaqəmiz var. Danışır, bayramlaşırıq. Hətta, oğlum Valehin toyunda Bülənt Qorxmazın, Coco Hacıyevskinin, Milinko Pantiç, Tunc Avşar və başqalarının təbrikini eşitmək çox xoş oldu.
– Azərbaycan millisi son 5 oyunda qələbə qazanaraq, rekorda imza atdı. Bu, baş məşqçi De Byazinin uğurlu işinin nəticəsidir?
– Bu nəticələrə sevinirik. Düşünürəm ki, qələbələr gecikib və indi davamlı olmalıdır. Etiraf etməliyik ki, AFFA millinin yaxşı nəticələr əldə etməsi üçün nə lazımdırsa, edib və etməyə çalışır. De Byazinin işinə qiyməti Avropa çempionatının seçmə mərhələsindəki oyunlarından sonra vermək olar. Bizə düşən əsas şey milliyə inanmaq və güvənməkdir.
– Çempionatda 21 yaşadək futbolçunun məcburi oynadılması ilə bağlı qaydanın ləğvindən sonra U-21 üçün problemlər yaranıb. Baş məşqçi Samir Əliyev tez-tez bu məsələdən narazılığını bildirir. Sizcə, qərarın ləğvi uğursuz seçim idimi?
– Xeyr, belə düşünməzdim. 21 yaş limitinin ləğv edilməsi düzgün qərardır. Klub öz heyətində oynamağa gənc futbolçu yetişdirə bilmirsə, bu, özünün problemidir. Komandalara milyonlarla vəsait ayrılır. Bunlar hara xərclənir? Oyunçu yetişməyəcəksə, milli üçün futbolçu hardan gələcək? Başlıca problem klubların işlərinə qeyri-peşəkar yanaşmasıdır. AFFA klublar üçün lazım olan hər şeyi edir ki, futbolçu yetişdirsinlər. Klub var son 10 ildə yüz milyon vəsait alıb, amma milli üçün bir oyunçu verə bilmir.
– Problemi necə həll etmək olar?
– Bu yaş qrupunda problemin həll olunması üçün mütləq Diviziondan elita təmsilçilərini çıxarmaq lazımdır. Əsas komandaların baş məşqçiləri ikincilərlə sıx əlaqədə olmalı, oyunçuları izləməlidir. Eyni zamanda, onlara şans verməlidirlər. Hazırda Premyer Liqa klublarının əvəzediciləri ilə əlaqələri itib sanki. Məşqçilər fərqli sistemdən istifadə edirlər. Turnir cədvəllərində mövqelərə baxsaq, nə demək istədiyim başa düşülər. Fərqli yanaşma olması səbəbindən nadir hallarda əvəzedicilərdən əsas komandaya yüksələn olur. Belə vəziyyətdə U-21 üçün də oyunçu hazırlamaq çətin olur. Çempionatların təşkilində əsas məqsəd milli üçün futbolçu hazırlamaqdır. Bu da olmursa, klublar nə ilə məşğuldur? Komandalarda öz işini dərindən bilən, təcrübəli, peşəkar insanlar çalışmalıdır. Bunlar olsa, futbolumuz da inkişaf edər, komandalarımız Avropa arenasında ölkəmizi layiqincə təmsil edərlər.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu