AFFA-da yeni dönəm – gözləntilər nələrdir? (SORĞU)

Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransında qurumun yeni rəhbərliyinin tərkibi müəyyənləşdi.

16 il sonra prezidentliyə namizədlik verməyən Rövnəq Abdullayevi bu vəzifədə Rövşən Nəcəf əvəzlədi. Baş katib Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Abdullayevin fəaliyyəti dövründə milli komandaların oyunlarında, nəticələrində inkişaf demək olar, görünmədi. Əksinə, futbolla bağlı narazılıqlar artdı, bir çox klub fəaliyyətini dayandırdı.

Yeni rəhbərlikdən isə gözləntilər böyükdür. Rövşən Nəcəfin prezident kimi ilk çıxışında strategiya hazırlanmasının, birlikdə işlərin görülməsinin vacibliyini qeyd etməsi ümidləri artırıb.

Bəs idman ictimaiyyətinin yeni rəhbərlikdən gözləntiləri nədir? Bununla bağlı futbol adamlarına müraciət etdik:

Asif Bağırov (ANS telekanalının idman şöbәsinin keçmiş rəhbəri):

“Qurban Qurbanovun İcraiyyə Komitəsində olması “Qarabağ”dakı uğuruna təsir etməyəcəksə, mütləq lazım idi. Qısa müddətdə İTV-də böyük işlər görmüş Balakişi Qasımovun bu sahədə də başarılı olacağına ümid edirəm. Sərxan Hacıyev də baş katib kimi ümidləri doğruldub. Ona görə İK-də yerini haqq edirdi. Bununla belə keçmiş heyətdən Fərid Mansurov kimi qeyri-futbol adamının İK-da qalması mənim üçün gözlənilməz oldu. Leyla Xəlilova-Rzazadənin də siyahıda olması düşünürəm ki, absurddur. Ümumiyyətlə, İK 11 üzvünün yerinə elə o qədər namizədin olması da düşünürəm düzgün deyil. Çünki konfransda bununla iştirakçılara seçim imkanı qoyulmur. Əsas məsələ də qurumda kimin baş katib olacağıdır. Sözsüz ki, SOCAR rəhbəri AFFA prezidenti kimi quruma çox diqqət ayıra bilməyəcək. Ən azı orada olmağa fiziki cəhətdən vaxtı olmayacaq. Odur ki, bütün iş baş katibin üzərinə düşəcək. Güman edirəm ki, Sərxan müəllimin son il yarımda gördüyü işlər perspektiv vəd edir. Çox istərdim ki, milliyə yerli mütəxəssis təyin edib, əsas diqqəti uşaq futboluna yönəltsinlər. Və növbəti 4 ildən sonra Hesabat-Seçki Konfransında AFFA rəhbərliyi hesabat verərkən real uğurları ilə öyünə bilsin”.

Rəşad Rafiqoğlu (“İdman TV”):

“Yeni rəhbərlikdən gözləntilər böyükdür. Dünən konfransda yeni prezident Rövşən Nəcəfin çıxışları azından ümid verdi. Onun strategiya qurulması, birlikdə işə qoyulmağın vacibliyini deməsi inamı, ümidləri artırıb. Bundan əlavə İcraiyyə Komitəsinin yeni tərkibi də maraqlıdır. Müasir düşünən şəxslər var. Eyni zamanda futbola aid adamların orada olması yaxşı haldır. Səməd Qurbanov, Qurban Qurbanov sırf futbol adamlarıdır. Onlarla yanaşı, Balakişi Qasımov da bir müddətdir futbolun içindədir və müasir düşüncəli biridir. Rövşən Nəcəf rəhbərliyində yeni strategiya qurulması, bu istiqamətdə işlərim görülməsi futbolumuz adına müsbət olacaq.

Sırf bir şeydən başlamaq yox, sistemli iş görümək lazımdır. Daha əvvəl futbolun inkişafı üçün proqram qəbul olundu və vaxtı bitdi. Görülən işlər isə heç 50 faiz deyildi. Bizim Gürcüstan kimi potensialımız yoxdur ki, bir ilə Avropa çempionatlarına vəsiqə qazanaq. Ancaq sistemli iş görülsə, həm uşaq futbolunda, həm də milli komandalarda nəticələr olar. Bu gün biz tək “Qarabağ”ın avrokuboklardakı uğurları ilə öyünürük, ancaq milli komandalar yaxşı nəticə vermir. Digər klublarımız da istənilən nəticəni göstərmir. Sistemli işlərin görüləcəyi halda, uğurlara ümid etmək olar”.

Ağasəlim Mircavadov (AFFA Məşqçilər Komitəsinin üzvü):

“İndi nəsə demək üçün tezdir. Yeni rəhbərliyin görüləsi işi çoxdur. Söz üstündə yox, keyfiyyətli işdən söhbət gedir. Biz də nə lazımdırsa, kömək etməyə hazırıq. Əvvəlcə stadionlardan, süni örtüklü meydançaların dəyişməsindən başlamaq lazımdır. Bundan əlavə, klubların akademiyalarına nəzarət lazımdır. Uşaq futbolundakı problemlərin həlli tapılmalıdır. Bizdə xüsusilə, milli komandalarda aşağı yaş qruplarında vəziyyət yaxşı deyil. Aşağıdan başlayıb, sistemli işlər görmək lazımdır. Biz də lazım olarsa, təcrübəmizi bölüşməyə hazırıq. Hələ rəhbərliklə görüşməmişik, görüşəndən sonra müzakirələrimiz olacaq”.

Rasim Mövsümzadə (araşdırmaçı jurnalist):

“İstərdim, AFFA-nın yeni prezidenti sələflərinin səhvlərinin nədən ibarət olduğunu araşdırıb, onları təkrarlamamağa çalışsın. Bu və ya digər məsələlərlə bağlı AFFA İcraiyyə Komitəsinin köhnə-yeni üzvü Qurban Qurbanovdan məsləhətlər alınsın. Azərbaycan futbolu “Qarabağ”ın uğurlarının kölgəsində gizlənməsin. “Futbol naminə hamımız birləşməliyik” kimi süni şüarlardan uzaq durulsun. Yerli kadrlara üstünlük verilsin. Millilərdə azərbaycanlı mütəxəssislər çalışsın, onlar bilik və bacarıqlarını artırmaq üçün mütəmadi xaricə təcrübə yığmağa göndərilsinlər. Milli komandalarda geniş yayılan milliləşdirmə təcrübəsindən tam imtina edilsin.

Hər bölgədə futbol komandasının olmasına imkan yaradılsın. “Otkat” məsələləri ilə ciddi mübarizə aparılsın.
Media və jurnalistlərlə əməkdaşlıqda ədalət prinsipi əsas götürülsün. Futbol təsərrüfatında ən azı həvəskar səviyyədə ayağına top dəymiş şəxslər yer alsın, futbolun ruhunu bilmədən onun inkişafı üçün necə çalışmaq olar?

Rəşad Ergün (“Komanda.az”):

“AFFA-nın yeni rəhbərliyi haqda konkret fikir bildirmək üçün zamana ehtiyac var. Baxmayaraq ki, yeni rəhbərlikdə yeni simalarla yanaşı, Elşad Nəsirov kimi daim kölgəsi Azərbaycan futbolunun üzərinə düşən “köhnə qvardiya”dan biri də var. AFFA-nın yeni rəhbərliyi Rövnəq Abdullayevin dövründə yol verilən səhvləri təkrarlamamalıdır. Məsələn, mətbuatda deyilənlər və yazılanlar qulaqardına vurulmamalıdır. “Hər şeyin ən yaxşısını biz bilirik” deyənlərlə Azərbaycan futbolunun hansı vəziyyətdə olduğunu görürük.

Hər kəs öz işinə vicdanla yanaşsa, “Azərbaycan futbolundan qazanmaq” yox, “Azərbaycan futboluna qazandırmaq” fikrində olsa, gec-tez yaxşı şeylər olacaq, olmalıdır. Olacaqmı? Gözləyək”.

Tural Dadaşov (“İctimai TV”):

“Təbii ki, AFFA-nın yeni rəhbərliyindən gözləntilər yüksəkdir. Çünki əvvəlki rəhbərlik ümidləri doğrultmadı və bunun nəticəsi olaraq Azərbaycan futbolunun mövcud vəziyyəti , problemləri göz önündədir. Düşünürəm ki, AFFA-da köklü dəyişkiliklər hələ uzun illər əvvəl edilməli idi. Dünən yeni pezident Rövşən Nəcəf mətbuat konfransında artıq bir sıra mesajları verdi. Yeni komandada adlara baxaraq dərhal nəsə deməyi düzgün hesab etmirəm. Qarşıda onları ağır işlər gözləyir, zamanla hər şey daha aydın görünəcək”.

Səbuhi Səfiyarlı (“Menecer, “Qəbələ” klubunun idman direktoru”):

“İndidən nəsə demək tezdir. Çünki fəaliyyət proqramı ilə tanış olduqdan sonra daha rahat danışmaq olar. Amma yeni seçilmiş prezident açıqlamalarında bildirdi ki, uşaq futbolu, infrastruktur, azarkeşlərin stadionlara qaytarılması əsas prioritet olacaq. Göstərdi ki, Rövşən Nəcəf Azərbaycan futbolunun problemlərindən məlumatlıdır. Azərbaycan futbolunun vəziyyəti elə idi ki, istənilən dəyişiklik gələcəyə ümidlə baxmağa imkan verirdi. Çünki keçən müddətdə uşaq futbolu və “Qarabağ”ın uğurlarını çıxsaq, başqa müsbət məqamlardan danışmaq mümkün deyil. İdarə Heyətində və İK-da bəzi klub nümayəndələrinin, öz sahəsində uğur qazanmış insanların orda təmsil olunması ümid verir ki, bu uğuru futbol sahəsinə də daşıya biləcəklər. Bu dəyişikliyin yaxşı istiqamətə yönələcəyinə ümid edirəm”.

Şahin Cəfərov