Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Ötən mövsümün sonu futbolçuların böyük əksəriyyəti komandadan getdi və biz indi yeni kollektiv formalaşdırırıq. Bu proses vaxt alacaq və belə nəticələrin olması da təbiidir. Çalışırıq ki, mübariz komanda formalaşdıraq və bu yöndə də işlərimizi davam etdiririk.
– Transfer məsələləri nə yerdədir? Yeni futbolçu olacaqmı?
– Bəli, yeni futbolçu ilə anlaşmışıq. Marselinyo Keverton! Onu gələn həftə sifariş ərizəsinə salmağı planlaşdırırıq.
– Komandanın formalaşdırılması üçün nə qədər vaxt lazımdır? Məğlubiyyətlər rəhbərliklə aranızda narazılıq yarada bilərmi?
– Biz ilk növbədə özümüz komandaya inanmalıyıq. Bu yöndə atılan addımları görməliyik. Ondan sonra nəsə danışa bilərik. “Kəpəz” tarixi komandadır və belə məğlubiyyətlərə layiq deyil. Bunu nə azarkeşlər, nə də biz istəmirik. Çalışacağıq ki, bu istiqamətdə futbolçularla danışıb, psixoloji olaraq onları başa sala bilək. Belə oyunlarda daha sərt olmaq lazımdır ki, biz əvvəlki “Kəpəz”i görə bilək.
– Hər il yeni komanda formalaşdırmamaq üçün futbolçularla uzunmüddətli müqavilə imzalamaq mümkündürmü?
– Bu istiqamətdə də işlər gedir. Bütün futbolçularla 1+1 illik müqavilə bağlanılır ki, əlimizdə olanları formalaşdırıb, gələn il daha da gücləndirək. Ümumən isə futbolçularla uzunmüddətli müqavilə imzalamaqdan başqa bu müqavilənin şərtlərini yerinə yetirmək lazımdır. Bunun üçün də komandaya dəstək olmalıdır. Dəstək olmayanda 10 illik müqavilədə imzalansa, bunun əhəmiyyəti qalmır. Futbolçunu saxlamaq müəyyən bir artım olmalıdır. Artım olmasa, müqavilə şərtləri qarşılıqlı şəkildə pozulur. Bizdən asılı olmadığı üçün futbolçuların böyük əksəriyyəti getdi. Mübariz bir “Kəpəz” üçün gərək səbirli olaq.
Fərrux Həsənli