Azərbaycan Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Maraqlı oyun keçdiyini düşünürəm. Komandanı formalaşdırmaq üçün vaxt lazımdır. Zamanımız azdır, daha sürətli olmalıyıq. Qarşıda bizi uzun marafon gözləyir. İnanıram ki, növbəti matçlarda daha baxımlı futbol oynayacağıq.
– Ötəm mövsümlə müqayisədə daha çətin çempionat olacaq. Komanda yenə autsayder statusundadır. Çətin olmayacaq?
– Biz hələ tam formalaşmamışıq. Yenidən komanda qururuq. Uyğunlaşmaq üçün vaxt lazımdır. Qarşıdakı görüşlərdə daha yaxşı olmaq üçün çalışacağıq. Builki hədəfimiz Premyer Liqada qalmaqdır.
– Futbolçu itirməyin iki variantı var. Komandanın əsas oyunçuları öz çempionatımızın digər komandalarına keçdi. Gələnlər gedənlərin yerini doldura biləcəkmi?
– İnanıram ki, yeni oyunçular uyğunlaşandan sonra daha yaxşı “Kəpəz” görə biləcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məcburuq və bunu etməliyik.
– Yeni transferlər olacaq?
– Danışıqlar apardığımız oyunçular var. Komandanı gücləndirmək üçün transferə ehtiyacımız var. Gücümüz və imkanlarımız daxilində bunun üçün çalışacağıq.
– Konkret bu oyunda planınız nə idi və nə alınmadı?
– “Sumqayıt”ın daha çox hücumda olacağını bilirdik. Təəssüf ki, oyunçulardan istədiyimizi ala bilmədik. Bir çox oyunçu bu çempionatda yenidir. İndiki məqamda hədəfimiz komandanı formalaşdırmaqdır. Oyun olaraq istəyirdik ki, daha çox topa sahib olaq, hücum edək.
– Ötən il “Qəbələ”dəki oyundan sonra demişdiniz ki, Ümid Səmədovun səhhəti sual altındadır. İndi hər şey həll olunub ki, əsas heyətdə meydana çıxdı?
– Bəli, şükürlər olsun, hər şey yaxşıdır. Belə davam etsə, yaxşı futbolçulardan biri ola bilər.
Şahin Cəfərov