Adil Şükürov: “Bizə bu sevinci “Sumqayıt” verdi”

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Şükürlər olsun, sona qədər mübarizə aparıb, bir xal qazana bildik. Bizimçün indi hədəf öndə olan komandaya çatmaqdır. Həmişə bizi dəstəkləyən, yanımızda olan “Xəmsə” azarkeş qrupunun 15 yaşı tamam olacaq. Onları təbrik edirəm. Hər vəziyyətdə yanımızda olublar. Bu dəstəkçilərin arasında qazilərimiz, şəhid ailələri var. Onlara çox sağ ol deyirəm. Ağır oyun olacağını bilirdik. Futbolçulara da demişdik ki, oyunumuzdan həzz almalıyıq. Yaxşı oynamasaq da, mübarizə apardıq və yaxşı sonluq oldu. Bir xalın həyacanını, stressini yaşadıq.

– Fikirlər olacaq ki, “Kəpəz” avrokubok zonasında yarışan komandaları stimullaşdırır. Bu təzyiq altında komanda necə çıxış edəcək?
– Bizi özümüz maraqlandırır. Hədəfimiz var ki, bizdən öndə olan komandaya çataq. Qarşımızda rəqiblərdən asılı olmayaraq, mübarizə aparacağıq. Alınar, alınmaz bilmirəm. Oyunçulara da demişəm ki, öz futbolunuzdan həzz alın. Sağ olsunlar, bütün güclərini qoydular.

– Rüfət Əhmədovla bağlı fikirləriniz nədir?
– İlk növbədə, bir az Rüfətə görə məyus olmuşam. Belə gedişatı gözləmirdik. Həm rəqib söz dedi, həm biz. Qoldan sonra onun gözünün içinə baxdım, çox təzyiqdə idi. O dərəcədə idi ki, ağlayırdı. Gəlib sonda mənə bir söz dedi və mənə toxundu. Oyunçu bu qədər stressli olmamalı, gərginliyə düşməməlidir.

– Sizcə, ilahi ədalət bərqərar oldumu?
– Futbolda belə şeylər yoxdur. Hər kəs istəyir ki, qalib gəlsin. Nəzərə alsaq ki, “Sumqayıt” nə vəziyyətdədir, biz də. Qalanları insanın böyüklüyünə qalır.

– Oyundan sonra böyük coşqu var idi. Bundan əvvəl “Kəpəz”i belə görməmişdim. “Zirə” ilə oyunda da bu cür mübarizəyə söz verirsiniz?
– Stressin bu həddə çatması rəqibin vurduğu qol oldu. Belə deyim, “Sumqayıt”ın heyətindən lazımsız sözlər gəldi. Belə şeylərin yeri yox idi. Bütün bunlar sonluğu belə etdi. Bizə bu sevinci “Sumqayıt” verdi. Rəqibin məşqçiləri ilə münasibətlərimiz var. Oyunda zarafatca deyilən söz belə əks reaksiya verə bilər.

– Rəqib baş məşqçi eyham vurdu ki, bugünkü qırmızı vərəqələrdən sonra “Kəpəz” “Neftçi” ilə oyunda zəif heyətlə olacaq…
– “Sumqayıt” sağ olsun, bizdə oyunçu qoymadı.

– Olavele Onanuqanın qırmızı vərəqəsi lazımsız idi. Oyunun sonlarında belə hərəkətləri düzgün deyildi…
– Belə deyim, arzu edirəm ki, onun yaşadığı stressi siz də futbol oynayanda yaşayasınız. Onda biləcəksiniz nə dərəcə idi vəziyyət. Nəzərə alın, oyunun gərginliyi fərqli məcrada idi. Yenə deyirəm, bu, elə şeydir ki, oyun stressi fərqli olur.

– Baş hakimin oyunun ipini əlindən buraxdığını düşünürsünüz?
– Bu haqda sual verməyin. Hakimlərdən danışanlara verin bu sualları.

Şahin Cəfərov