Premyer Liqada iki tur geridə qalıb. “Araz-Naxçıvan” ilk qələbəsini son oyunda “Şamaxı” üzərində əldə edib. “Qırmızılar” bölgə təmsilçisini minimal hesabla məğlub etməyi bacarıb – 1:0.
“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev “FutbolPress”ə açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:
“İlk qələbəmizi qazanmışıq. Bunu çox istəyirdik. Həftəboyu da buna köklənmişdik. Bu qələbəyə çox ehtiyacımız var idi. Çox əziyyət çəkəsi olduq. Çempionatda asan oyun anlayışı yoxdur. Hər komanda ilə görüşlər ağır keçir”.
Yarımmüdafiəçi komandadakı yeni oyunçuların uyğunlaşma üçün vaxta ehtiyaclarının olduğunu qeyd etdi:
“Yeni komandayıq, uyğunlaşmaq üçün vaxta ehtiyac var. Bu heyətlə 4 oyun keçirmişik, getdikcə daha yaxşı olacağıq. Futbolçu oynadıqca formada qala bilir. İnanıram ki, növbəti oyunlarda daha yaxşı olacağıq”.
Abdullayev mövsüm üçün hədəflərini açıqladı:
“Hədəfimiz maksimum yaxşı kollektiv yaradıb, dişli olmaq. Avrokuboklara vəsiqə lap əla olar. Amma dediyim kimi, ilkin hədəf yaxşı kollektiv olmaqdır. Allah nəsib etsə, istədiyimiz yerə çatacağıq. Bunun üçün də çalışmaq lazımdır”.
Şahin Cəfərov