“Abasovun dönəmində istədiyim səviyyədə deyildim” (MÜSAHİBƏ)

“Sumqayıt” Premyer Liqanın X turunda “Turan Tovuz”a məğlub olub – 2:4. Vaqif Cavadovun rəhbərliyi altında ilk sınağına çıxan “kimyaçılar”da fərqlənənlərdən biri Nikola Vuynoviç olub.

Montenerqolu hücumçu “FutbolPress“ə müsahibəsində vurduğu birinci qoldan və komandadakı ümumi vəziyyətdən danışdı:

– Premyer Liqada ilk qolunuzu vurdunuz. Hissləriniz necədir?
– Qol vurmaq hər zaman gözəldir. Lakin komandan qələbə qazana bilməyəndə, xoşbəxt olmursan. İnşallah, növbəti oyunlarda qələbə qollarını vurarıq.

– Keçmiş baş məşqçiniz Samir Abasov sizdən çox narazı idi. Nə təsadüfdür ki, o gedəndən sonra ilk matçda fərqləndiniz…
– Düzü, bu haqda nəsə demək çətindir. Abasovun dönəmində istədiyim səviyyədə deyildim. Eyni zamanda komanda olaraq çox yaxşı oynamırdıq. Bunlar artıq geri qalıb və önümüzə baxmalıyıq.

– Azərbaycan sizin üçün yeni təcrübədir. Çempionat və “Sumqayıt” haqda fikirləriniz nədir?
– Bura gəlməzdən əvvəl liqa haqda çox fikirlərim yox idi. Lakin gələndən sonra gördüm ki, Premyer Liqanı yüksək qiymətləndirmək lazımdır. Kimə qarşı oynamağınızdan asılı olmayaraq, hər oyuna maksimum hazırlaşmalı və diqqətli olmalısınız.

– Bura gəlməyinizdə əsas rol oynayan amil nə olmuşdu?
– Bir çox element var idi, sadalamaq istəmirəm. Lakin komandanın Konfrans Liqasında oynaması vacib məqamlardan idi.

– Vaqif Cavadov hücum futbolu oynatmaq istədiyini deyib. Sizin də üzərinizə böyük iş düşəcək. Öhdəsindən gələ biləcəksiniz?
– Futbolçu kimi məşqçinin istənilən tapşırığına hazır olmalısan. Bu, hər oyunçuya aiddir. Lakin onun istəklərinə cavab verə bilməyəcəksənsə, məşqçi artıq yerinə başqa oyunçu axtaraq.

Şahin Cəfərov