Abasov: “Xeyli iş görülməlidir”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” matçından (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlıfikirlərini bildirdi…

– Bütün komandalarla oynamaq çətindir. Asan oyun yoxdur. Oyunlarda əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım. Bu gün nizam-intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi. “Şamaxı”nın heyətində də əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var. Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik. Bugünkü qələbə həmin matç üçün də bizə bir növ motivasiya oldu.

– Bu gün futbolçuların, əsasən də Emin Mahmudovun performansında irəliləyiş hiss olundu. Bir həftə ərzində nəyi dəyişdiz?

– Ötən turdakı məğlubiyyətin ən böyük səbəbkarı kimi özümü görürəm. Çünki özüm də reallığa yox, adımıza aldandım. Baxmayaraq ki, həmin qarşılaşmada da nizam-intizamlı çıxış etdik, lakin yenə də deyirəm, adımıza aldandıq. Və nəticə də göz qabağında idi. Bugünkü matçda reallığı ortaya qoyduq. Rəqibə epizod verməməli, həddindən artıq düzgün oynamalıyıq. Bizim də reallığımız budur. Xeyli iş görülməlidir. Bu, qapıçıdan başlamış, hücumçuya qədər olan bir prosesdir. İnşallah, qarşıdakı oyunlarda da “Neftçi”nin reallığını göstərməyə çalışacağıq.

– İlk yarım saat ərzində “Şamaxı” daha yaxşı çıxış edirdi…

– Ştoqrin xeyli müddət meydanda olmadı, daha sonra isə əvəzləndi. Onun yerinə meydana daxil olan Ervin Koffidə təngənəfəslik vardı, çünki birdən-birə meydana daxil olmuşdu. Bu amili nəzərə alsaq, rəqibə üstünlük vermiş olduq. Lakin sonradan matça nəzarəti ələ ala bildik.

Mirkamal Kazım