Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Rəqibin baş məşqçisi demişdi ki, komandamız üçüncü tura daha yaxşı gələcək. Şahin Diniyev təcrübəlidir. Ötən tur “Neftçi”yə qarşı yaxşı mübarizə aparmışdılar. Bu gün də Diniyevin dediklərinin sübutu kimi yaxşı komandaya qarşı oynadıq. “Səbail” biz də daxil olmaqla çox komandadan xal ala biləcək. Oyunda həddindən artıq mübarizə getdi. İstədiklərimizi etməyə imkan vermirdilər. Nə qədər çalışsaq da, rəqib bu gün komanda şəklində çox yaxşı oynadı. Futbolçularımı təbrik edirəm, sona qədər inancları var idi. Bir qol vurub, oyunu udacağımızı düşünürdük. Sonra qol buraxsıq da, yenə reaksiya verə bildik. Belə çətin qələbələrin bizə faydası oldu.
– Şahin Diniyev oyunun ədalətli nəticəsinin bərabərlik olduğunu dedi. Bu fikirlə razısınızmı?
– Razıyam. Ədalətli nəticə heç-heçə idi. Biz bir qol vurduq, onlar da fərqləndi. Ədalətə doğru geedirdi. Belə şeylər olur, Diniyevlə razıyam. Bu gün bəzi oyunçular oyundan qorxmuşdu. İndividual olaraq özümüzə bənzəmirdik.
– Oyun planınız nə idi və nə alınmadı?
– Oyundan öncə rəqibi iki oyunun nəticəsinə görə təhlil etmişdik. Dəyişikliklərə hazır idik. İstədiklərimizin alınmamasına səbəb futbolçularımızın həddindən artıq top itkilərinə yol verməkləri idi. Bəzi boşluqları görə bilmədik. Planımızı açıqlamaq fikrim yoxdur. Bu gün gördüyümüz bəzi məqamların üzərində dayanacağıq. Təki bəzi oyunçular formada olsun.
– Fasilədə etdiyiniz dəyişikliklərdən sonra effektivlik artdı…
– Əvəzetmələr normaldır. Birinci hissədə özlərini yaxşı göstərə bilməyənlər oldu, hazır deyildilər. Bunlar fonunda onları “Fehervar”la oyunlarda da oynatmışdıq. Bərpa üçün vaxta ehtiyac var, amma zamanımız yoxdur. Radoviçdən görmək istədiyim şeyləri görməyim üçün çox vaxt lazımdır. Amma bu, o demək deyil ki, növbəti oyunda oynamayacaq.
– Yeni transferlər hazır deyil?
– Hazırlıqdan söhbət gedə bilməz. Gündə iki dəfə fərdi məşq edirlər. Nə vaxta hazır olacaqlarını demək çətin olar.
– Hücum planında Rəhim Sadıxov və Cordan Rezabalaya çox yük düşür. Rəhimin performansı sizi qane edir?
– O, bu günə kimi məni yaxşı mənada təəccübləndirmişdi. Onun haqqında deyilənlər tam alt-üst idi. Oyunlarda da həddindən artıq xoşuma gəlirdi. Lakin bu gün oyundan qopdu. Top itkilərinə çox yol verdi. Amma o, həddindən artıq fayda verəcək. İndiki məqamda fikrimiz odur ki, yük iki futbolçunun üzərində olmasın. Vaxt lazımdır, işləyirik. Bu müddətdə Rəhim bir az əziyyət çəkəcək.
– Fernando Medeyros haqda da belə düşünürsünüz?
– Onu çoxdan izləyirdik. Yaxşı şeyləri var, sadəcə bu gün onda da alınmadı. Ən yaxşı variant onların fit vəziyyətini görməkdir. Özlərindən də soruşsanız ki, niyə qaçmadın, yorğunluğunu bildirəcək. Onlarlıq da bir şey yoxdur.
– Yeni transferlər sizin istəyiniz qarşılığında gətirilib?
– Xeyr. Hər komandanın öz siyasəti var. Bizim də siyasətimiz var. Bu, nədən ibarətdir? Rəhbərliyimiz menecerlərlə, klub rəhbərləri ilə əməkdaşlıqları, tanışlıqları, dostluqları var. Bunların sayəsində gələcəkdə fayda verəcək fikri ilə komandaya gətirilir. Tresor Mossi də belə gələnlərdəndir. İndi bu gün əsas oyunçularımızdandır və yetərincə razıyıq. Bunlar normal şeylərdir. Hökmən mən o oyunçuları tanımalıyam deyə bir şey yoxdur. Sabah mən burda olmaya bilərəm, amma layihə davam edir. Bizə fayda verəcək, uyğun ola biləcək oyunçular rəhbərliyə təklif edilir. Biz bildiririk ki, filan mövqelər üzrə oyunçular lazımdır. Bu yöndə də işlər gedir. Transfer məsələsi qeyd etdiyim layihə əsasında olur. Düşünürəm ki, az maddiyat qarşılığında gələnlər gələcəkdə bizimçün faydalı olacaqlar.
Şahin Cəfərov