“Neftçi”nin yuxarı sıralarda olması çempionata marağı artırır”

“Neftçi” Azərbaycan Premyer Liqasının son turunda “Zirə”ni səfərdə məğlub edib (2:1). “Ağ-qaralar” bununla da ardıcıl üçüncü rəsmi oyununu qələbə ilə başa vurdu. Kubokda “Kəpəz”i, çempionatda isə “Zirə” və “Şamaxı”nı üstələyən paytaxt təmsilçisinin çıxışında irəliləmə var.

Klubun sabiq baş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında “Neftçi”nin son turlardakı performansını dəyərləndirdi:

“Son oyunlarda komandada ruh yüksəkliyi var. Bunun davam etməsini arzulayıram. “Neftçi” bizim köklü klubumuzdur. Onların yuxarı sırada olması çempionata marağı artırır, rəqabəti yüksəldir. Qarşıda “Qarabağ”la çətin oyunu var. Komandadakı fərqi hiss etmək üçün yaxşı oyundur. Görəcəyik ki, bir ay əvvəlki komanda ilə indiki arasında hansı fərqlər var”.

“Neftçi” Premyer Liqanın XXIII turunda “Qarabağ”la qarşılaşacaq. “Neftçi Arena”da baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Şahin Cəfərov