“Legioner limiti ləğvinin mənfi tərəfləri qaçılmazdır”

AFFA İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.

Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.

“Turan Tovuz” akademiyasının uşaq futbolunun inkişafı üzrə direktoru Eltay Aslanov “FutbolPress”ə açıqlama verərək, qərarla bağlı fikirlərini bölüşdü:

“Legioner limitinin dəyişməsinin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət məqamlar ondan ibarətdir ki, yerli futbolçularımız özlərini daha çox məsuluyyətli hiss edəcəklər. Legionerlərlə rəqabətdən qalib ayrılmaq üçün öz üzərlərində daha çox çalışmalı və məsuliyyətli olacaqlar ki, bu da onların inkişafina fayda verəcəkdir. Ola bilsin karyerasını xarici liqalarda davam etdirməyə cəhd edən futbolçularmızın say artımına öz faydasını vermiş olsun. Lakin mənfi tərəfləri də qaçılmazdır. İlk növbədə gəlin özümüzə sual verək ki biz yerli uşaqların, futbolun sirlərini öyrənmələri, düzgün yetişmələri üçün ölkənin hər yerində uyğun şəraitimiz varmı. Düşünürəm ki, əgər biz yerli futbolçulardan legionerlərlə eyni səviyyədə rəqabət aparmalı olduqda, birinci ifrastruktur düzəldilməlidir. Biz “Turan Tovuz” Akademiyası olaraq hazırda bu yöndə addımlar atırıq və yaxın gələcəkdə bunun effekt verəcəyini düşünürəm”.

Mirkamal Kazım