Azərbaycan Premyer Liqasında yeni mövsümdə 12 komanda iştirak edəcək. Çempionatın formatı hələ təsdiqlənməsə də, artıq I Liqa klubları elita üçün hazırlıqlara başlayıb.
Premyer Liqaya vəsiqəyə namizədlərdən biri də “Zaqatala”dır. Bölgə klubu çempionatda 13 turdan sonra 20 xalla 5-ci sırada qərarlaşıb. Komanda ikinci pillədəki “Karvan”dan 6 xal geri qalır.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “Futbolpress.az“a açıqlamasında komanda sayının artırılması qərarının onlarda sevinc yaratdığını bildirdi:
“AFFA-nın qərarlarından sonra komandada ruh yüksəkliyi var. Hamının ümidi artıb və oyunlara daha motivasiyalı çıxacağıq. Düzdür, maliyyə baxımından axsayırıq, amma klub rəhbərliyi vəziyyətin düzəlməsi üçün əlindən gələni edir. Biz də çalışırıq ki, yüksək yerlər uğrunda layiqli mübarizə aparaq”.
I Liqada lider “Qəbələ”dir. Bölgə təmsilçisi 33 xalla turnir cədvəlinin yuxarı pilləsində qərarlaşıb. Ondan 7 xal geri qalan “Karvan” isə ikincidir. “Üçlüy”ü 24 xalla “İmişli” tamamlayır.
Şahin Cəfərov