Azərbaycan Premyer Liqasında XXII tur başa çatıb. Lider “Qarabağ” autsayder “Səbail”i darmadağın edib. “Neftçi” “Zirə”yə, “Sabah” isə “Turan Tovuz”a qalib gəlib. “Şamaxı” “Sumqayıt”dan üstün olub, “Araz-Naxçıvan” isə “Kəpəz”lə heç-heçəyə razılaşıb.
Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında turu dəyərləndirdi:
“Çempionatın sonuna kimi bəzi komandalarçün hər oyun ölüm-dirim mübarizəsi olacaq. “Kəpəz”, “Səbail” və “Şamaxı” bir-birinə yaxın gedir və hər səhv komandalarçün baha başa gələ bilər. Eyni ilə də əksi. Həmçinin, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların xalları yaxındır və amansız mübarizə olacaq. Lakin bəzi oyunlar azarkeşlər üçün maraqlı keçmir”.
Şamaxı – Sumqayıt 1:0
“İlk hissədə “Sumqayıt” daha yaxşı təsir bağışlayırdı. Ancaq hər iki komandada çoxlu top itkiləri olurdu. Topu qazanan irəli çıxan kimi də itirirdi və eyni senari iki komanda üçün davam edirdi. “Sumqayıt” daha az top itkisi etdi deyə üstün göründü. Amma ikinci hissədə “Şamaxı” onları səhvlərə məcbur etdi və bunun sayəsində bir qol vurub, qələbə qazandılar. “Sumqayıt”ın hesabı bərabərləşdirməyə şansı olsa da, dəyərləndirə bilmədi. Bu matçda “Şamaxı”nın daha çox ehtiyacı var idi üç xala. Azarkeşlər də onların qələbəsinə kömək oldu. Eyni zamanda onların ikinci hissədəki oyunlarının üzərinə kölgə salmaq olmaz.
Sabah – Turan Tovuz 2:1
“Bu oyun dramatikliyi ilə fərqləndi. “Turan Tovuz” güclü rəqiblərə qarşı çox effektli olduğunu əvvəl də demişdim. Ancaq özündən zəiflərə qarşı belə deyil. Güclülərlə kompakt müdafiə oynayır, sürətli əks-hücumlara çıxırlar. “Sabah”a qarşı da yaxşı oyun nümayiş etdirdilər. İlk hissədə iki dəfə fərqlənsələr də, birinci sayıldı. İkinci epizodda isə cüzi fərqlə ofsayda yaxalandılar. Bu qol olsaydı, “Sabah” üçün çətin olardı. Ümumilikdə, “Sabah”ın cinahlarında sürətli oyunçular var. Fasilədən sonra bu sürətlərin hesabına oyunu həll etdilər. Üstünlük nisbətən “Sabah”da olsa da, qol vurmaqda çətinlik çəkirdilər. Mərkəz hücumçuları tam formada deyil, eyni zamanda pleymeyker çatışmazlığı var. Bunlar fonunda komanda vacib üç xal qazandı. “Sabah” çempionatın sonuna kimi avrokubok üçün mübarizə aparacaq”.
Araz-Naxçıvan – Kəpəz 0:0
“Kəpəz” üçün hər oyun ölüm-dirim mübarizəsidir. “Araz-Naxçıvan” isə mükafatçılar sırasına düşmək istəyirsə, belə oyunları qazanmalıdırlar. Görüşdə hər iki komanda ehtiyatlı oynadılar. “Araz-Naxçıvan” qələbəyə daha yaxın olsa da, ehtiyatlı oynadılar və yekunda bərabərlik oldu. Açığı, onların qələbəsi mənə şübhəli idi. Çünki “Kəpəz” açıq futbol oynaya, qollar vura bilir”.
Zirə – Neftçi 1:2
“Turun ən dramatik matçı Zirədə oldu. Heç-heçə gözləyirdim. İki komandanın da qol vurmaq potensialı var. Xüsusilə, son matçlarda “Neftçi” yaxşı təsir bağışlayır. Ehtiyatlı oynamağa çalışdılar. Bəlkə də, idman taleyi bir az onlardan yana oldu. “Zirə” minimum risklərlə oynamağa çalışan komandadır. Bir xal qazana bilərdilər. “Neftçi”nin qoluna yaxşı reaksiya verdilər, özlərinə məxsus şəkildə tez zamanda fərqləndilər. Sonra “Neftçi” yenə fərqləndi. Bu ssenarini 100 dəfə də yazsan, gəlməyə bilər. İdman xoşbəxtliyi, yoxsa “futbol” tanrısı, bilmirəm. Hər iki komanda qələbəyə layiq idi. Ədalətli nəticə isə heç-heçə ola bilərdi. Futbolda bəzən belə hallar olur. “Neftçi”nin daha çox üç xala ehtiyacı olduğu üçün “futbol tanrısı” onların yanında oldu”.
Qarabağ – Səbail 5:0
“Qarabağ”ın qələbəsinə kimsə şübhə etmirdi. Ancaq 70-75 dəqiqə əziyyət çəkəcəkləri gözlənmirdi. Sanki avrokuboklara vidanın təsiri hələ qalıb. Əsas heyət oyunçuları meydanda olsa da, qol imkanları yaratmaqda çətinlik çəkirdilər. Leandro Andradenin oyuna daxil olması ilə üstünlük artdı və penaltidən sonra oyun açıldı. “Səbail” bundan sonra oyun intizamını itirdi. Cavid Hüseynov qeyd etdi ki, zədəlilər var. Ancaq göründü ki, onlar oyunun sonlarında “Qarabağ”a çata bilmədilər”.
Şahin Cəfərov