“Qarabağ” Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”i məğlub edib – 5:0.
“Atlılar” ilk hissəsi qolsuz başa çatan matçda “dənizçilər”in qapısından 5 cavabsız top keçirib. Çempionatda buna qədər ardıcıl iki oyunda məğlub olan “Qarabağ”ın qələbəsi gözlənilən idi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk hissədə üstün oyun nümayiş etdirsə də, qol vura bilmədi. Xüsusilə, Aleksey Kaşuk fasiləyə yaxın 100 faizlik epizodu boşa verdi.
İkinci hissənin əvvəlində hər iki tərəf açıq futbol oynamağa başladı. “Səbail” hücuma çıxsa da, ciddi təhlükə ilə yadda qalmadı. Əvəzində Leandro Andrade və Kadi Borgesin oyuna qoşulması meydan sahiblərinin effektivliyini artırdı. “Qarabağ”da ikinci dönəminə başlayan Kadi uğurlu startla gəlişini qeyd etdi. İkinci qolun ötürməsini edən, daha sonra komandasının üçüncü qoluna imza atan braziliyalı vinger yenidən fanatların qəlbini fəth etməyi bacardı.
“Qarabağ” qələbə sayəsində xallarını 53-ə çatdırdı və ən yaxın izləyicisi “Araz-Naxçıvan”la fərqi 9-a yüksəltdi. “Səbail” isə 16 xalla “zirzəmi”də qaldı.
Şahin Cəfərov