“Sumqayıt” Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Sabah”la heç-heçə edib (0:0). “Kimyaçılar”ın yarımmüdafiəçi Səbuhi Abdullazadə “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Kubok oyunları fərqli atmosferdə keçir. Çempionatda qələbə üçün daha israrlı olursansa, kubokda artıq nəticəni düşünür, ağıllı oynamağa çalışırsan. Kubok matçları iki oyundan ibarətdir və ilk oyunda səfərdə heç-heçə bizim üçün sərfəlidir. Cavab görüşü öz azarkeşlərimiz önündə olacaq. Qələbə qazanaraq, yarımfinala yüksəlmək istəyirik”.
Ardıcıl 6 oyundur, qol vura bilməyən “Sumqayıt” son 3 görüşdə isə qol buraxmayıb. Abdullazadə komandanın məhsuldarlığının aşağı olmasına toxundu:
“Qol buraxmırıq, düzdür, bu, komanda olaraq müdafiəmizin etibarlı olduğu anlamına gəlir. Lakin qol da vura bilmirik. Hücumda daha yaxşı qərarlar verib, qollar vurmalıyıq. Ümid edirəm ki, növbəti oyunlarda qollarımızı sıralamağa başlayarıq”.
“Sabah”la oyunun ikinci hissəsində meydanı tərk edən Səbuhi son matçlarda tez-tez əvəzlənməsinə münasibət bildirdi:
“Qərarı məşqçi verir. O, oyun zamanı belə düşünübsə, bu, problem deyil. Əsas olan komandanın yaxşı nəticə qazanmasıdır”.
“Sumqayıt” Premyer Liqanın XXII turunda “Şamaxı”nın qonağı olacaq. Yarımmüdafiəçi görüşdən gözləntilərini bölüşdü:
“Son oyunlarda qələbə qazana bilmirik. Səfərə üç xal üçün gedəcəyik. İnşallah, qələbə qazanıb, 3 xal ilə dönə bilərik”.
Şahin Cəfərov