AFFA İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.
Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.
“Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev “FutbolPress”ə açıqlama verərək, limitin ləğviylə bağlı fikirlərini bölüşdü:
“Limitin ləğvinə klub adından mövqe bildirməyim dogru olmaz. Şəxsi düşüncəmə görə isə bu qərarın faydalı olub və ya olmadığını zaman göstərəcək. Zənnimcə futbolumuzda bundan daha önəmli məsələlərin müzakirəsinə qərar verməyə ehtiyac var. Məsələn, meydançaların azlığı”.
Mirkamal Kazım