Azərbaycan Kubokunun 1/4 finalında baş tutan “Səbail” – “Qarabağ” (0:1) arasındakı ilk matçdan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini böülüşüb:
– Futbolçularımı təbrik edirəm. Çox yaxşı bir komandaya qalib gəldik. Xüsusən də ikinci hissədəki dəyişiklik rəqibin keyfiyyətini artırdı. Həm topla, həm də topsuz çox yaxşı davrandılar. Bu ilk oyundur. Növbəti oyun daha da gərgin keçə bilər. Belə soyuq havada komandalarına dəstək olan hər iki tərəfin azarkeşlərinə təşəkkür edirəm.
– Kadi Borgesin transferi məcburi addımdır yoxsa başqa seçim imkanız var idi?
– Xeyr, sadəcə əlimizdə belə bir şans oldu və biz də istifadəe etdik. Bəlkə də son gündə danışıqlar getdi. “Ferentsvaroş”dan Julio Romaoya dəfələrlə təklif gəlmişdi. Həmin danışıqlar zamanı belə bir variant təklif etdilər və biz də razılaşdıq. Lazımlı oyunçu idi. Belə bir futbolçunun komandaya qoşulması bizim üçün xoşdur.
– Kadinin gəlişinə daha çox sevinirsiz yoxsa Romaonun gedişinə daha çox üzülürsüz?
– Hər bir gedən futbolçuya görə üzülürəm. Çünki insan öz dostlarına, iş yoldaşlarına uyğunlaşdıqda, ayrılmaq asan deyil. İstəyərdim ki, o da komandada qalsın. Sadəcə sonda yox deyə bilmədik. Bəlkə də Kadi olmasayadı Romaonu mövsümün sonuna kimi komandada saxlayacaqdıq. Romaonun gedişinə üzülürəm, Kadinin də gəlməsinə sevinirəm.
– Bu transferlə kifayətlənəcəksiz, yoxsa yay üçün planlarınız var?
– Planlarımız var. Amma qış üçün çətindir. Kadinin transferi son günlərdə alındı. Bəlkə də düşünmədiyimiz transfer oldu. Sabah belə bir təklif olsa, yenə hansısa keçid baş tuta bilər. Ancaq yay üçün transferlər etməyi düşünürük.
– Kadi klubdan gedənə qədər sağ cinahda çıxış edib. Həmin mövqedə kifayət qədər futbolçunuz var. Kim ehtiyata düşəcək?
– Hansısa futbolçunun ehtiyata düşəcəyini deyə bilmərəm. Ümumiyyətlə, Kadi bir az fərqli-fərqli mövqelərdə oynamağı bacaran futbolçudur. Onun hazırlığını gördükdən sonra qərarımızı verəcəyik. Təki sağlam futbolçularımız olsun. Çünki bizə keyfiyyətli oyunçular çox lazım olur.
– Eyni futbolçuların xidmətindən istifadə etdiyinizə görə mediada qınanırsınız. Bu tendensiya nədən irəli gəlir?
– Mən qınanılmağıma heç bir reaksiya vermirəm. Hər bir şəxsin fikri azaddır. Oyunçulara gəlincə, buradan ayrılanların 80 faizinin getməsini istəməmişəm. Nə Juninyo, nə Romao, nə Kadi, nə də digərlərinin. Bəzən elə addımlar atırıq, amma yeni sima komandaya uyğunlaşmır və biz itiririk. Bu addımları da klubun gəlirlərini gözləyərək atırıq. Amma geridönüşlərinə sevinirəm. Onsuz da onlar güvəndiyimiz futbolçulardır. Dünya praktikasında bəlkə də belə hallar azdır. Amma bizim kimi kiçik futbol ölkəsində belə hallar olur.
– İcraiyyə Komitəsinin iclaslarında darıxmırsız?
– Xeyr, orada çox aktiv diskuissiya gedir.
– İK-nin son iclasında qəbul edilən qərarlardan sonra hansı yenilik gözləyirsiz?
– İki komanda Premyet Liqaya gəlirsə, bu onsuz da yenilikdir və müsbət haldır. Hansı bölgələrdən komanda gələcəksə, orada futbola maraq daha da artacaq. Hazırda hansı keyfiyyəti verəcəyini onu deyə bilmərəm. Məncə, bunun olmamağındansa, olmağı daha yaxşıdır.
– Yeni mövsümlə bağlı belə bir söhbət var ki, Premyer Liqanın sonuncusuyla I Liqanın üçüncüsü pley-off oynayacaq. Sizcə, bu, ədalətlidir?
– Hansısa addım olması mütləqdir. Növbəti İK iclasında bu barədə müzakirələr olacaq. Əgər indidən bilinsə ki, sonuncu yeri tutan komanda elitada qalacaq, bu rahatlıq gətirəcək. Amma bilsə ki, pley-off oynanılacaq, o zaman işlər çətinləşəcəcək. Bu fikrə müsbət yanaşıram.
– İndi çempionatda legioner limiti “7+4”dür, amma I Liqadakı komandalarda heç 7 əcnəbi yoxdur. Bu necə olacaq?
– Hər liqa üçün atılan bir addımdır. Məncə, normaldır. Aşağı liqalarda da legionerlərin sayını dəyişsələr, çətin olar.
– Düşünümürsünüz ki, ən yaxşı variant sonuncu pillə tutan komandanın getməsi və aşağıdanda ilk üç komandanın gəlməsidir?
– Birdən-birə 3 komandanın gəlməsi bir az çətin olacaq. Növbəti mövsümdən ola bilər ki, sonuncu pilləni tutan getsin. İllər boyu elə olub ki, nə elitadan komanda düşüb, nə də gəlib. Ancaq bu il şans yaradılır.
– Ümumiyyətlə, 12 komanda olsa, 4 dövrə çoxluq təşkil edir…
– İclasda 4 dövrə müzakirə olunmadı. Böyük ehtimal 3 dövrə olacaq. Ya da hansısa “altılıq”lara bölünəcək. Ümumən turların sayında artım olmayacaq.
Mirkamal Kazım